Bu gün Abu-Arenada 20 saylı II seçki dairəsindən milət vəkilliyinə namizəd Adil Əliyevin seçiciləri ilə izdihamlı görüşü baş tutub. 

Unikal.org xəbər verir ki, görüşdə şəhid ailələri, qazilər, veteranlarla yanaşı, ölkənin tanınmış ziyalıları, ağsaqqalları, idman camiəsinin üzvləri, sənət adamları və seçicilər iştirak ediblər.

Seçiciləri ilə görüşdə çıxış edən A.Əliyev bu fikirləri bildirib:

"Hər bir vətəndaş ölkədə gedən seçki prosesinə rəng qatmalı və seçki prosesində aktiv iştirak etməlidir. Seçki mədəniyyəti qoy elə Nərimanov rayonundan başlasın. Bu seçkilərdə də biz hər kəsə nümunə olmalıyıq. 

Biz xalqın qulluqçusuyuq. Ancaq siz özünüz də problemlərinizin həllində aktiv olmalısınız. Artıq 4-cü dəfədir ki, mən sizin qarşınızdayam, vədlər verirəm. Amma siz yaxşı bilirsiniz ki, mən o yağlı vədlər verənlərdən deyiləm. Ötən 15 il ərzində seçki qərargahımın qapısı heç bir zaman bağlanmayıb. Bundan sonra da hər bir seçicim üçün açıq olacaq.   

Qürurlanıram ki, vətəndaşlarımız yenidən bir araya gəlməyi bacarıb. Necə ki, Aprel döyüşlərində uşaqdan böyüyə hamı bir araya gələ bildi. Bizim xalqımız qorxaq deyil, hər zaman düşmənin üzünə düz baxmağı bacarmışıq. Bu insanları zorla bura gətirmək mümkün deyil. Biz çalışmışıq ki, 15 il ərzində xalqın yanında ola bilək. Heç bir müraciətə biganə yanaşmamışıq. Görünən odur ki, əvəzində sevgini də qazana bilmişik. ”.  

Qeyd edək ki, görüş Əməkdar artist Ədalət Şükürov, “Şeron” qrupu və digər incəsənət adamlarının ifasında bədii hissə ilə davam edib.