Növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizədi, akademik Əhliman Əmiraslanov Kürdəmir  rayonunun  Carlı, Sığırlı və  Ərəbqubalı  kəndlərinin seçiciləri ilə görüşlər keçirib.

Unikal.org xəbər verir ki, görüşlərdə YAP Kürdəmir rayon təşkilatının və YAP Mərkəzi Seçki Qərargahının  Kürdəmir rayon şöbəsinin sədri Ağəli Kərimli qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü deyib. Partiyanın “Daha güclü Azərbaycan naminə!” şüarı ilə uğur qazanacağından və növbəti 5 ildə də uğurlu nailiyyətlərin şahidi olacağımızdan bəhs edib: “Fevralın  9-da keçiriləcək seçkilərdə də akademik Əhliman Əmiraslanovun qalib gələcəyinə şübhə yoxdur. Çünki  həm xalqımızın  YAP-a böyük dəstək  və inamı, həm də partiyamızın namizədi, akademik Əhliman Əmiraslanova kürdəmirlilərin hörmət və ehtiramı bu əminliyi daha da gücləndirir".

Görüşlərdə  rayon seçki qərargahının üzvləri  Sabir Novruzov və Mais Bayramov çıxış edərək ölkəmizin sürətli inkişafından danışaraq, aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının namizədi, akademik Əhliman Əmiraslanovun Azərbaycan tibb elmini dünyada tanıdan alimlərdən biri olduğunu seçicilərin diqqətinə çatdırıblar.

YAP tərəfindən namizədliyi irəli sürülmüş akademik Əhliman Əmiraslanov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi kimi seçki platforması və növbəti dəfə deputat seçiləcəyi təqdirdə görəcəyi işlər barədə məlumat verib.  Daha sonra ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışaraq, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursun Azərbaycana cox böyük uğurlar qazandırdığını diqqətə çatdırıb. Namizəd vurğulayıb ki, dünyada, regionda gedən proseslər və bu proseslərdə Azərbaycanın yeri, xüsusilə son zamanlar Prezident İlham Əliyevin siyasi iradəsi ilə ölkədə aparılan kadr və struktur islahatları, bu islahatların əhəmiyyəti və Azərbaycan dövlətçiliyinin dayanaqlılığının möhkəmləndirilməsində və xalqın maddi rifahının daha da yaxşılaşdırılmasında rolu danılmazdır.

Görüşlərdə seçicilər adından cıxış edən sözügedən kəndlərin sakinləri fevralın 9-da seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının  namizədini, akademik Əhliman Əmiraslanovu dəstəkləyəcəklərini bildiriblər.