103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Elmar Musayev Unikal.org-un suallarını cavablandırıb.

- Elmar müəllim, necə oldu Parlament seçkilərinə  qatılmaq barədə qərar verdiniz?  

Azərbaycanda aparılan islahatları izləyirik. Milli Məclisin buraxılmasından sonra, mən də bir gənc olaraq Cənab Prezident İlham Əliyevin gənclərə çağırışından sonra Parlament seçkilərində iştirak etməklə bağlı qərar verdim.Mən də düşünürəm ki, parlamentdə yeni fikirli şəxslər lazımdır. Gədəbəy rayonunun ağsaqqalları da biz gənclərə tövsiyyə etdilər ki, ölkədə gedən siyasi proseslərdə aktiv olaraq iştirak edək.Başda Rəşid Mahmudov olmaqla Gədəbəy ziyalıları mənim namizədliyimin üzərində dayandılar.

- Siz Gədəbəy rayonundan olan namizəd kimi şansınızın çox olduğunu düşünürsünüzmü?

Mən bu rayonunda anadan olmuşam.Mənim uşaqlığım, məktəb illərim bu rayonla bağlıdır.Mənim uşaqlığım müharibə dövrünə düşdüyü üçün çətin şəraitdə məktəbdə oxumuşam. Mən 9-10-cu sinifdə oxuyarkən ali məktəbə qəbul olmaq üçün iki kənd kənarda yerləşən əraziyə müəllim yanına hazırlığa gedirdim. Belə çətinliklərlə Gədəbəy rayonunda böyümüşəm.Sonra ali məktəbə qəbul oldum. Təhsilimi başa vurduqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqədə uğur qazanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyində fəaliyyətə başlamışam.

- Bu rayonda yaşayan sakinlərin problemlərinə, seçicilərin istəklərinə nə dərəcədə bələdsiniz?

2011-ci ildə sosial şəbəkələrdə "Tanıyaq gədəbəyliləri - Tanıdaq Gədəbəyi" adlı qrup yaratdıq.Əsas məqsədimiz rayonumuzun ziyalılarını və istedadlı gənclərini tanıtmaqdan ibarət idi.Həmçinin biz bu qrupdakı paylaşımlardan rayonun sosial-iqtisadi vəziyyəti ilə tanış olduq. Müharibənin ən çətin dönəmində Gədəbəyin mərd insanları rayonumuzu qorudu.Qarabağ döyüşlərində rayonumuz 200-ə qədər şəhid verdi.Milli Qəhrəmanlarımız var.Biz eyni zamanda biz bu qrupumuzda şəhidlərimizi, Milli Qəhrəmanlarımızı və mərd sakinlərimizi tanıdırıq.Buna görə də biz 9 illik fəaliyyətimiz dövründə Gədəbəyin problemləri ilə, savadlı, istedadlı insanlarımızla, ziyalılarımızla, elm adamlarımızla daha yaxından tanış olduq.Bu da bizim gələcək fəaliyyətimizdə işimizi daha asanlaşdıracaq.

- Təbliğat-təşviqat kampaniyanız uğurla davam edir.Seçicilərin marağı necədir?Görüşləriniz necə keçir?

Bizim ərazi dağlıq rayondur.Seçicilərin əksəriyyəti kəndlərdə yaşayırlar. Kənd camaatı həmişə səmimiyyəti sevir.Ona görə həmin sakinlər səmimi insanları daha doğma qarşılayırlar. Ona görə insanlara doğmalıqla yanaşıram, onlara yalan vədlər vermək istəmirəm.Onlara bildirdim ki, mən xalqın arasından çıxan bir namizədəm.Mənim əsas məqsədim xalqla hakimiyyət arasında körpü olmaqdır.Biz dövlətin sosial-iqtisadi addımlarından sadə kəndlilərin yararlanmasını təmin etmək istəyirik.İnsanlar bunu çox xoş qarşılayırlar. Düzdür, insanlarda seçkiyə qarşı bir inamsızlıq var.Amma biz həm də çalışmışıq ki, seçki ilə bağlı insanları maarrifləndirək, onları seçkiyə səsləyək.

-Seçicilərin gələcək millət vəkillərindən gözləntiləri nələrdir?

Öncə vətəndaşlarda inam formalaşdırmaq lazım idi ki, onlar seçki prosesində aktiv iştirak etsinlər.Bəzi insanlar elə düşünür ki, deputatlar artıq seçilib. Biz bu fikirləri insanlardan uzaqlaşdırdıq.Onları inandırdıq ki, ölkədə islahatlar aparılır, bu seçkilər də öz məntiqi nəticəsini verəcək.Seçicilər kimə səs verəcəklərsə, qalib də həmin namizəd olacaq.Bu gün insanlar onların problemini dinləyə biləcək və bu məsələləri ali məclisdə səsləndirə biləcək deputat seçmək niyyətindədirlər.Bizim platformamız bu istiqamətdə olduğu üçün gədəbəylilər məni daha çox dəstəkləyirlər.

- Siz millət vəkili seçilsəniz vətəndaşların sosial problemlərinin həlli istiqamətində hansı addımları atacaqsınız?

Bu gün bütün namizədlər öz platformalarını seçicilərə təqdim edirlər. İlk növbədə seçicilər bütün namizədlərin platforması ilə tanış olmalıdırlar. Sonra demokratik şəkildə öz seçimlərini edib, layiq bildiyi namizədə səs verməlidirlər. İnsanlara deyəndə ki, gəlin mənə səs verin.Bu bir qədər bayağı çağırış kimi qəbul olunur.İnsanlara seçki hüququnu, dövlətçiliyi aşılamaq lazımdır. İnsanları inandırmaq lazımdır ki, gələcəkdə hansı işləri görə bilərsən. Namizəd öz səmimiyyəti ilə seçiciləri inandıra bilsələr onda da istədiyi dəstəyi qazana biləcək.Biz həm də insanlara çağırış etdik ki, seçkinin nəticələrinə heç kimin təsir etməyinə imkan verməyin. Mən də bitərəf namizəd və tarixçi kimi insanları maarifləndirirəm.Bitərəf olmaq fərqli istiqamətə getmək demək deyil. Mən bu gün hakim partiyada təmsil olunanlar qədər hakimiyyəti dəstəkləyirəm. Mən özüm dövlət qulluqçusu kimi dövləti və dövlətçiliyi sevirəm.Bilirəm ki, hakim Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi-ictimai həyatında böyük mövqeyi olan partiyadır. Azərbaycanın beynəlxalq aləmdə rolunun güclənməsi bu partiyanın yürütdüyü siyasətlə bağlıdır.Bu gün bizim dairədə 6 namizəd arasında mübarizə gedir.Onlardan biri də YAP üzvüdür.Mən öz platformamı elan etmişəm. Seçkilərin demokratik, ədalətli keçiriləcəyinə ümid edirik.Çünki biz gənclər cənab prezidentin çağırışına uyğun olaraq bu prosesə qoşulmuşuq. Ümid edirəm ona görə də bu seçkilərdə hər hansı bir qanun pozuntusu müşahidə edilməyəcək. Seçkilərə hər hansı bir formada müdaxilə edən şəxslər də bu addımlarına görə cavab verməli olacaqlar. Seçkilər demokratik keçirəcəksə bu insanların seçkiyə inamını artıracaq.