Hava şəraiti kəskin dəyişəcək.

Bu barədə Unikal.org-a məlumat verən Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyevanın sözlərinə görə, bir müddət davam edən anomal isti hava şəraitindən sonra fevralın 7-dən 8-nə keçən gecədən başlayaraq havanın kəskin dəyişəcəyi, Bakıda və Abşeron yarımadasında əsən cənub küləyinin güclü şimal küləyi ilə əvəz olunacağı gözlənilir.

Fevralın 9-dan 10-u gündüzədək küləyin maksimal sürəti 30-35 m/s, bəzi ərazilərdə 38-40 m/s-dək şiddətlənəcək.

Bu müddətdə əhaliyə daha diqqətli olmağı, iri ağacların altında maşınları saxlamamağı, tikinti aparılan ərazilərdən kənar keçməyi, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamağı tövsiyə edirik.

Bakıda və Abşeronda: fevralın 8-də gözlənilən yağıntının fevralın 9-da sulu qara və qara keçəcəyi gözlənilir, bəzi yerlərdə intensiv yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 15 -18 dərəcə aşağı enəcək. 9-da gündüz 0-3 dərəcə isti, axşama doğru və 10-na keçən gecə və səhər 0-4 dərəcə şaxta olacağı gözlənilir. Buna görə də 9-dan 10-na, və 10-dan 11-nə keçən gecə və səhər saatlarında yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında: fevralın 07-si axşam şimal və qərb rayonlarından başlayaraq 11-dək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyinin güclənəcəyi, arabir şiddətlənəcəyi gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə aşağı enəcək. Yolların buz bağlayacağı ehtimalı var.

Hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq, meteohəssas insanların da səhhətlərinə qarşı diqqətli olmasını tövsiyə edirik.