Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) payız semestrinin imtahan sessiyası başa çatıb, fakültələr üzrə nəticələr artıq məlumdur.

Unikal.org xəbər verir ki, bütün imtahanları uğurla verib bu sınaqdan üzüağ çıxıb əlaçı olanlar, əlaçı olmaq istəsələr də, zərbəçi statusu qazananlar və təbii ki, imtahandan kəsilən tələbələrimiz də var. Sevindirici haldır ki, bu semestr 36 tələbəmiz qış imtahan sessiyasını uğurla başa vuraraq “əlaçı” adını qazanıb.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu gün həm bakalavr, həm magistr səviyyəsində 2019-2020-ci tədris ilinin payız semestrini uğurla başa vuran əlaçı, könüllü və startapçı tələbələrlə görüşüb. Görüşdə AzMİU-nun prorektorları, dekanlar və tələbələr iştirak edib.

Rektor payız semestrində uğur qazanan tələbələri təbrik edib, onlara təhsil həyatlarında daha böyük uğurlar arzulayıb. Rəhbərlik etdiyi universitetdə tədrisin və təhsilin keyfiyyətini artırmaq üçün görülən işlərdən, aparılan islahatlardan danışan G.Məmmədova tələbələrin motivasiyasını artırmaq üçün belə tədbirlərin davamlı olacağını bildirib. O, çıxışında məlumat verib ki, əlaçı, könüllü və startapçı  tələbələrə Fəxri fərmanlar təqdim etməklə yanaşı, onlara birdəfəlik təqaüdləri məbləğində pul mükafatı veriləcək.

Tədbirdə çıxış edən tələbələr göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, qazandıqları uğurlarda xidmətləri olan müəllimlərə təşəkkür ediblər, nailiyyətlərin davamlı olması üçün daha artıq səylə çalışacaqlarına söz veriblər.