Zaur Əliyev: “Bu danışıqlar status-kvonun saxlanılmasına, Ermənistanın iddialarının maksimum ödənilməsinə yönəlib”

Artıq uzun illərdir ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar konkret nəticə vermir. Bu, diplomatik sürəc sayılsa da,bizi vətənimizdən uzaq yaşamağa vadar edir. Müxtəlif arqumentlər gətirilsə də, fakt odur ki, hazırkı vəziyyət bizi Qarabağdan uzaqlaşdırır.

Bu və ya digər məsələlərlə bağlı “Unikal” qəzetinə müsahibə verən tarixçi alim Zaur Əliyev öncə Dağlıq Qarabağ münaqişəsinin inkişaf tarixini konfliktoloji baxımdan analiz etdi.

-İlk öncə təşəkkür edirəm ki, mənim fikirlərimi öyrənmək üçün müraciət etmisiniz. Qeyd edim ki, 27 ildir davam edən “danışıqlar” Azərbaycanın əleyhinə xidmət edir. Diplomatik sürəc davam etdikcə ermənilərin işğal altında olan rayonlarda məskunlaşması, tikintilərin aparılması, ora ermənilərin köçürülməsi, yeni infrastrukturların yaranması göstərir ki, bizim 27 ildə diplomatiyamız heç bir nəticə əldə etməyib. 27 illik bir zaman yeni Qarabağı tanımayan nəsillərin yetişməsinə şərait yaradıb ki, bu proses belə templə davam etsə itirilmiş torpaqlarımızın unudulmasına gətirib çıxardacaq. Dağlıq Qarabağ münaqişəsinin inkişaf tarixini konfliktoloji baxımdan 4 əsas mərhələyə bölmək olar:
Birincisi, Konfliktin gizli mərhələsi. 1988-ci ilin fevralına qədərki dövrü əhatə edir.
İkincisi, 1988-ci ilin fevralından 1992-ci ilə qədərki mərhələ. Qarşıdurma və onun, əsasən siyasi formalarda münaqişə şəklini almasıdır.
Üçüncüsü, 1992-ci ilin əvəllərindən 1994-cü ilin mayına qədər Ermənistan və Azərbaycan arasında açıq müharibələr mərhələsidir.
Dördüncüsü, 1994-cü ilin mayın 12-dən davam edir. Beləliklə, 1994-cü ilə qədər davam etmiş hərbi əməliyyatlar nəticəsində torpaqlarımızın 20%-ə yaxını işğal edilmiş, 30000 mindən çox insan həlak olmuş, milyondan artıq soydaşımız isə məcburi köçkün və qaçqın statusu ilə 27  ildən də artıq bir müddətdə yaşayırlar.Bu faktları ona görə bildirdim ki, əslində problemi 1993-cü ildən də götürmək düz deyil, 1988-ci ildən biz müharibəyə sövq edilmişik və təkcə məcburi köçkünlər deyil, qaçqınların da problemi gündəmdə olmalıdır. Nəinki Qarabağ, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın da haqlarını biz bu illər ərzində itirmişik.  Hesab edirəm ki, proseslər heç də Azərbaycanın xeyrinə deyil və inanmıram ki, yaxın zamanlarda da xeyrimizə nəsə baş versin.

-Bildiyimiz kimi, Qarabağ münaqişəsinin həlli ilə bağlı vasitəçi dövlətlər var. Sizcə, bu məsələdə bizə vasitəçi lazımdırmı, yaxud da vasitəçilik bizə nə verir. Nəyi alır?

-ATƏT-in 1994-cü il 5-6 dekabrda keçirilən Budapeşt Sammitində iştirakçı dövlətlər Minsk konfransının nəticələrini dəstəkləyərək həmsədrlik institutunu yaratdılar. Həmsədrlik institutuna 3 dövlət daxil edildi: Amerika Birləşmiş Ştatları (Beynəlxalq Birliyi təmsilən); Fransa (Avropa Birliyi təmsilən); Rusiya (SSRİ-nin varisi kimi regionu təmsilən). Sammitdə qərara alındı ki, münaqişənin həlli istiqamətində aparılacaq danışıqlar üzrə həmsədrlər öz səylərini ATƏT-in prinsipləri və razılaşdırılmış mandat üzərində quraraq Minsk Qrupunun görüşlərində birlikdə sədrlik etməlidirlər. Niyə ATƏT-in Minsk qrupu belə tərkibdə seçildi?
Məlumdur ki, Dağlıq Qarabağa qarşı erməni iddialarının arxasında daima Rusiya durub. 1918-ci ildən sonra dünyada güc əldə edən Amerika və ənənəvi ermənilərin dostu Fransa da münaqişə başlanan gündən ermənilərə açıq aşkar dəstək olublar. Qarabağda bütün işğallar fransız, rus və amerikan silahlarından istifadə edilib. Son illər isə İran silahları düşmən tərəfindən üstümüzə atılır.1994-cü ilə qədər birbaşa düşmənə dəstək göstərən Rusiya, ABŞ və Fransaya niyə vasitəçilk xidməti təklif edildi. Vasitəçilik institutu, üçüncü tərəf adlanan bu dövlətlər əsla birbaşa olaraq iki tərəfə dəstək ola bilməzlər. Mərhum Heydər Əliyevin ən böyük siyasəti bu idi. Düşmənin dostlarını neytrallaşdırmaq. Çünki o dövrü tədqiq edənlər bilirlər ki, üç dövlət Azərbaycana necə təyziq edirdilər ki, ermənilərə güzəşt olunsun. Amma vasitəçi kimi seçiləndən sonra onlar rəsmən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə məcbur oldular. Çünki beynəlxalq hüquq qaydalarını pozmağa onların cürəti çatmazdı.Biz indi ATƏT-in Minsk Qrupunun tərkibinin dəyişməsini tələb edirik. Kimi seçəcəyik? Türkiyəni seçsək məcbur olacaq rəsmi Ankara bitərəf mövqe tutsun. İran istəməz, çünki ermənistana son illərdə ən böyük dəstəyi o göstərir. İran bütün narkotik və silah alverini işğal altında olan Qarabağdan istifadə edir. Bəs kim? Böyük dövlətləri neytrallıqdan çıxardaq və onlara imkan yaradaq ki, Qarabağın müstəqilliyini de-yure tanısın? Onlar tanısa bütün dünya tanıyacaq. Biz isə bunu istəmirik. Vasitəçilik xidmətini üzərinə götürən dövlət yaxud hansısa beynəlxalq qurum problem həllini tapmayana qədər neytral mövqedə durmalıdır. Əgər o neytrallığı pozursa dərhal onu prosesdən kənar tutmalıyıq. 
Azərbaycan diplomatiyasının səyləri və cəhdlərinə baxmayaraq, bu gün də bəzi dövlətlər Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etməsində maraqlı olsalar da onların münaqişəyə münasibətdə ikili standartları hələ də qalmaqdadır. Son olaraq hesab edirik ki, Qarabağ məsələsi ətrafında beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlar heç bir nəticə vermədi. Bu danışıqlar status-kvonun saxlanılmasına, Ermənistanın iddialarının maksimum ödənilməsinə yönəlmişdir. Ermənistan beynəlxalq təşkilatların dəstəyi ilə ona nail olmuşdur ki, danışıqlarda əsas məsələ kimi işğal faktı deyil, Dağlıq Qarabağın statusu ilə bağlı məsələ müzakirə olunsun. Bu yanaşma Ermənistanın işğalçı tərəf kimi məsuliyyətini heçə endirir. Ona görə də bu yanaşma ilə aparılan danışıqlardan hansısa nəticənin gözlənilməsi mənasızdır. Azərbaycanın bu danışıqlarda iştirakı işğalçı Ermənistanın maraqlarına xidmət edir.Biz bundan belə nəticəyə gələ bilərik ki, münaqişələrin həllində beynəlxalq təşkilatların mövqeyində çox vaxt ikili standartlar da mövcuddur. Amerikan diplomatiyasının belə mövqeyi bir tərəfdən, Azərbaycan-Ermənistan münaqişəsində tarazlaşdırılmış siyasət yeritmək cəhdləri ilə bağlıdırsa, digər tərəfdən, dünyada fəaliyyət göstərən erməni lobbisinin və diasporunun antiazərbaycan fəaliyyətinin nəticəsidir. Buna görə də bizim vasitəçi dövlətlərdən ciddi nəsə gözləntimiz olmalı deyil. Üzv dövlətlərin hamısından erməni diasporu və lobbisi güclüdür. Dövlətlərin siyasətində iki standartlar var və ən vacibi də odur ki,  bizim beynəlxalq aləmdə nüfuzumuz Ermənistan qədər güclü deyil. 

-Son günlər 7 rayonun qaytarılması ilə bağlı fikirlər səsləndirilir. Hətta belə bir təkliflər paketinin olduğu da söylənilir. Bu barədə siz nə düşünürsünüz? Bu təkliflər paketi vaxt uzatmağa hesablanıb, yoxsa həqiqətən nəsə plan var?

-Bu barədə söhbətlər çox gedir. Hətta 1994-cü ildə beş rayonun qaytarılması, Qarabağa hüquqi statusun verilməsi də gündəmdə idi. O zaman hakimiyyət xalqın Şuşa, Laçın, Kəlbəcərsiz Qarabağ istəmədiyini bilirdi və bu təklifə razılaşmadılar. İkinci, siz inanırsız ki, 7 rayonu ermənilər belə asan formada Azərbaycana qaytarsınlar?  1994-cü ildə atəşkəs sazişi imzalandıqdan sonra vəziyyət Ermənistanın xeyrinə idi. Düzdür biz 27 ildə dövlət olaraq nələrəsə nail olduq, amma bu nailiyyət 7 rayonun qeyd -şərtsiz Azərbaycana geri qayıtması üçün tutarlı deyildi. Reallıq var ortada, bu günə qədər təqdim edilən bütün planlar Qarabağ ermənilərinə yüksək status ətrafında aparılır. Nəticə olsa belə bu istiqamətdə, biz Azərbaycan daxilində yeni bir erməni dövlətinin var olması ilə üz-üzə qalmalı olacağıq.  Bizə bu lazımdırmı? Azərbaycanın ərazisi sayılan Dağlıq Qarabağa hansı yüksək status veriləcək? Məgər bu günə qədər yüksək status almış dövlətlər sonradan müstəqil dövlət olmayıblarmı? 

-Cəmiyyətdə Qarabağ münaqişəsinin həlli ilə bağlı vahid mövqe yoxdur. Bir tərəf konkret müharibə istəyir, bir tərəf isə məsələnin sülh yolu ilə həll limitinin tükənmədiyini deyir. Sizin mövqeyiniz necədir?

-Hesab edirəm ki, sülh danışıqlarında biz məğlub tərəf kimi çıxış edirik, bizdən tələb edilən şərtlərdən biri də yüksək status məsələsidir. Yuxarıda da qeyd etdim ki, bizim sülh istəməyimizin sonunda Dağlıq Qarabağı bir ərazi olaraq itirməyimiz durur. Müharibə də aparsaq biz qalib ola bilərik, lakin indiki hakimiyyət bunu istəmir. 

-Sizin maraqlı təklifləriniz var idi. Qarabağ TV, bu istiqamətdə təbliğatın daha da genişləndirilməsi və sair. İndi nə düşünürsünüz?

-Azərbaycanda Qarabağ TV açılmalıdır. Qarabağla bağlı ciddi verlişlər hazırlanmalıdır. Müxtəlif dillərdə sənədli və bədii filmlər çəkilməlidir. TV-nin əsas istiqaməti işğal altında olan ərazilərimiz barədə süjetlər hazırlanmalıdır. Qaçqınlar problemi, Qarabağ mədəniyyəti, tarixi, müharibənin vurduğu ağır zərbələr dünyaya çatdırılmalıdır. Niyə ermənistanda və onların diasporunda bununla bağlı TV-lər ola bilər, bizdə isə yox?

-Sizcə, biz təbliğatla, haqlı olduğumuzu dünyaya lazımi səviyyədə çatdıra bilsək, dünya bizim tərəfimizdə olacaqmı? Mən buna inanmıram, siz inanırsızsa əsaslandırın…
-Mən də buna inanmıram, hesab edirəm ki, müharibənin sülh yolu ilə həlli Azərbaycanın məğlubiyyəti ilə nəticələnəcəkdir. Məncə bizim informasiya müharibəsində, təbliğat işində ermənilərdən öyrənəcəyimiz çox şey var. Çünki bizim informasiyalar kifayət qədər təkrarçılıq və hüquqi bazası zəif olan formada təqdim edilir. 

Z.Məmmədli