Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Avropa İnsan Hüquqları Məhkəməsinin “Sarıbekyan və Belyan Azərbaycana qarşı” qərarı ilə bağlı bəyanatına münasibət bildirib.

Unikal.org xəbər verir ki, XİN rəsmisi “Avropa İnsan Hüquqları Məhkəməsinin bu ilin 30 yanvar tarixində qəbul edilmiş “Sarıbekyan və Belyan Ermənistana qarşı” adlı qərarı yekun deyil və 3 ay ərzində Azərbaycan tərəfinin bu qərarı Məhkəmənin Böyük Palatasına şikayət etmək haqqı var. Hazırda bu xüsusda tərəfimizdən müvafiq araşdırmalar aparılır” sualına cavabında bildirib ki, AİHM-in sözügedən qərarı heç də yekdilliklə qəbul olunmayıb və Azərbaycanlı hakim Lətif Hüseynov müzakirələr zamanı xüsusi rəylə çıxış edib.

“Xatırladırıq ki, Ermənistan vətəndaşı Manvel Sarıbekyan 2010-cu ilin 11 sentyabr tarixində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanıb. Oktyabrın 5-də isə o intihar edib və faktla bağlı Bakı Hərbi prokurorluğunda cinayət işi açılıb.

İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti 1980-ci illərin sonlarında daha da kəskinləşdi və 1988-89-cu illərdə Qafan rayonundan azərbaycanlıların qovulması ilə məcburi deportasiya kulminasiya həddinə çatdı. Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu hərbi işğal edən Ermənistan bu bölgənin yerli azərbaycanlı əhalisinə qarşı qanlı etnik təmizləmə həyata keçirdi və nəticədə yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrildi. İşğalçılıq siyasəti zamanı mülki əhaliyə qarşı xüsusi qəddarlıq törədən Ermənistan silahlı qüvvələrinin 1992-ci ilin 26 fevral tarixində Xocalıda yalnız bir gecədə 613 mülki azərbaycanlını vəhşicəsinə qətlə yetirməsi beynəlxalaq ictimaiyyət tərəfindən qətiyyətlə pislənir və soyqırım kimi tanınır.

Ermənistanın təcüvüzü nəticəsində 3889 azərbaycanlı itkin düşüb və Ermənistan əsirliyində saxlanılan yüzlərlə insan isə ağır işgəncələr nəticəsində həyatını dəyişib.

Ermənistan XİN-ə onu da xatırladırıq ki, məhz Avropa İnsan Hüquqları Məhkəməsi Böyük Palatasının 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında işğalçı tərəf kimi Ermənistanın məsuliyyəti bir daha təsbit olunub və işğal olunmuş ərazilərimizdəki qanunsuz qurumun Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcudluğu təsdiqlənib.

Ermənistan XİN-in bu bəyanatı bu ölkənin Xarici İşlər nazirinin özünün qəbul etdiyi birgə bəyanatlardakı iki ölkə əhalisinin sülhə hazırlanması fikri ilə tam ziddir və Ermənistan rəhbərliyinin əsl niyyətini ifşa edir”.