"Parlament seçkiləri bir daha onu göstərdi ki,  bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta həmişə ən tənqidi mövqedən bizə yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzələrində müsbət meyilləri qəbul etməyə məcbur olublar. Və pozuntulara gəldikdə, qeyd ediblər ki, bu pozuntular prosedur xarakterli pozuntulardır. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq olub, nə ciddi pozuntular olub, nə də hər hansı pozuntu ki, seçkilərin legitimliyini və yaxu da nəticələrini şübhə altına alsın".

Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında, gənclərlə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirib:  "Və bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar Bürosu, hansı ki, həmişə bizə qərəzli yanaşır, onların da hesabatı hesab edirəm ki, tarazlı idi. Əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi hesab edirəm ki, obyektivliyə daha yaxın idi və biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq. Pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq. Və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik.