Prezident İlham Əliyev İtaliyanın paytaxtı Romadakı Avropa çempionatında 2 qızıl, 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə milli komandanın üzvlərini təbrik edib.

Unikal.org-un məlumatına görə, təbrik mesajı dövlət başçısının "Twitter" səhifəsində yerləşdirilib.  

"Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün #Azərbaycan xalqını ürəkdən təbrik edirəm" deyə Prezident vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Milli tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Yığma 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub.