Fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 8-ci ili tamam olur.

Unikal.org xəbər verir ki, əlamətdar gün münasibətilə Xidmətin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub. Daha sonra Xidmətin aparatında qurumun yaradılmasının 8 illiyinə həsr olunan təntənəli mərasim keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov qurumun yaranması, inkişafı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. 

Bildirib ki, Müstəqil Azərbaycanın bugünkü dinamik inkişafı, dünyada böyük nüfuz və söz sahibi olması Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev böyük qətiyyət və əzmkarlıqla ölkəmizi sabitlik və təhlükəsizlik məkanına çevirib. 

Xidmət rəisi qeyd edib ki, ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən 8 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçərək hərb quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.

SHXÇDX müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi Silahlı Qüvvələrlə cəmiyyət arasında bir növ körpü rolunu oynayır və səkkiz ildir ki, bu vəzifələri müvəffəqiyyətlə icra etməklə dövlətin və vətəndaşların xidmətindədir.

Xidmət rəisi əlavə edib ki, elektron xidmətlərin göstərilməsi və aidiyyəti qurumlar arasında inteqrasiyanın yaradılması istiqamətində müvafiq işlər davam etdirilib, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə inteqrasiya işləri yekunlaşdırılıb. 

Mərasimdə iştirak edən qonaqlar adından çıxış edən Flora Qasımova və digər natiqlər Xidmətin şəxsi heyətini ildönümü münasibətilə təbrik edib və xoş arzularını çatdırıblar.
Tədbirdə Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında SHXÇDX rəisinin imzaladığı əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri, həmçinin hərbi rütbələr və fəxri fərmanlar təqdim olunub.

Mərasimdə, həmçinin Xidmətlə əməkdaşlıq edən vətəndaş cəmiyyəti institutlarının, veteranların, şəhid ailələrinin nümayəndələrinə təltiflər və hədiyyələr təqdim edilib.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Qəhrəman Vahid Quliyev və vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə təltif ediliblər.

Xidmətin yaradılmasının 8-ci ildönümü münasibətilə qurumun yerli idarə, şöbə və bölmələri tərəfindən respublikamızın rayonlarında da tədbirlər təşkil olunub.