Qəbələ rayonunda yanıq xəsarətləri və tüstüdən zəhərlənmə ilə nəticələnən yanğın hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən verir ki, hadisə ötən gecə saat 3:00 radələrində rayonun Soltannuxa kəndində qeydə alınıb.

Ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin maşınları və canlı qüvvəsi cəlb olunub. Ailə üzvləri yatmış olduğu üçün hadisədən gec xəbər tutub, yanğın barədə onlara qonşular məlumat verib. Hadisə zamanı evdə olan ailənin 6 üzvü, 1961-ci il təvəllüdlü Namiq Gülməmmədov ağır yanıq xəsarətləri, 1963-cü il təvəllüdlü Nübar Gülməmmədova, 1993-cü il təvəllüdlü Samit Gülməmmədov, 1993-cü il təvəllüdlü Xumarə Gülməmmədova, 2015-ci il təvəllüdlü Əli Gülməmmədov və 2018-ci il təvəllüdlü Fateh Gülməmmədov yüngül yanıq xəsarətləri və tüstüdən zəhərlənmə səbəbindən Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ev sahibi Namiq Gülməmmədov 4-cü dərəcəli yanıq xəsarəti və tüstüdən zəhərlənmə diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib, hazırda onun vəziyyəti ağır olaraq qalır. Yanğın zamanı evin 22 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi alovdan mühafizə edilib. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, FHN-nin yaydığı məlumatda bildirilib ki,  rayonunun Soltannuxa kəndində qeydə alınmış yanğın zamanı ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 22 m² sahədə yanıb. Yanğın nəticəsində 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.