Fevralın 21-22-də Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Unikal.org xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdı.

Qeyd edək ki, uzun müddətdir dopinq problemi yaşayan Azərbaycan Ağır Atletika Federasiyasının daha bir üzvünun qanından qadağan olunmuş maddə aşkarlanıb. Ağırlıqqaldıran Vasif Səfərov ekzogen əsilli “5aAdiol” və “5bAdiol” endogen AAS (IRMS) və klenbuteroldan istifadədə günahlandırılaraq, 48 aylıq diskvalifikasiya olunub. İdmançının cəza müddəti 2023-cü il aprelin 9-da yekunlaşacaq.