Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, V çağırış Milli Məclisin deputatı Aydın Mirzəzadə müxalifətin növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq Mərkəzi Seçki Komissiyasının qarşısında etiraz aksiyası keçirməsinə münasibət bildirib.

Unikal.org xəbər verir ki, YAP rəsmisi pravda.az-a açıqlamasında Azərbaycanda müxalif fikirli insanların təqib edilmədiyini, təzyiqə məruz qalmadığını, başqa cür düşünməyə məcbur edilmədiyini vurğulayıb:

“Onlar öz mövqelərini azad şəkil ortaya qoya bilərlər... Azərbaycan hüquqi dövlətdir. Bir qrup şəxsin Mərkəzi Seçki Komissiyasının qarşısındakı keçirdiyi aksiya razılaşdırılmayıb. Ona görə də polisin aksiyanın qarşısını almağa hüququ var. Seçkilərin nəticələrindən narazı qalanlar Mərkəzi Seçki Komissiyasına rəsmi şəkildə müraciət edə, öz fikirlərini mətbuat orqanlarında yaya bilərlər. Amma razılaşdırılmamış aksiyanın keçirilməsi qanunun pozulmasıdır. Onlar da bilməlidirlər ki, hüquq bir qrup üçün deyil, hamı üçündür”.

Aydın Mirzəzadənin sözlərinə görə, seçkilərin nəticələri ilə bağlı neqativ faktlar varsa, müvafiq dairə seçki komissiyalarına və MSK-ya təqdim edilməlidir:

“Təəssüflər olsun ki, bir qrup deputatlığa namizəd seçkilərdə neqativ halların baş verdiyini iddia etsələr  də, ortaya fakt qoya bilmirlər. Bir seçki məntəqəsində qeydə alınan pozuntunu bütövlükdə seçki dairəsinə aid etmək olmaz. Hər seçki dairəsinin 30-dan seçki məntəqəsi, 30 mindən çox seçicisi var... Doğrudur, Azərbaycanda 4 seçki dairəsi üzrə qanun pozuntuları kütləvi şəkildə olduğuna görə nəticələr ləğv edildi. İndi 4 seçki dairəsinə görə bütün dairələrin fəaliyyətinə kölgə salmaq olmaz. Yəni bir qanun pozuntusa görə 10 milyonluq xalqın seçiminə etinasız yanaşma yolverilməzdir. Məğlubiyyəti də qəbul etməyi bacarmaq lazımdır”.