Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı əsaslı tezislərini ən güclü və ən aydın şəkildə ifadə etdi.

Unikal.org xəbər verir ki, bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində İstanbul Universitetinin professoru, tarixçi-ekspert Halil Bal deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın hələ də Qarabağın tarixi erməni torpaqları olması xülyasına inandığını deyən ekspert bildirib ki, bütün bunlar Ermənistanın hökumət başçısının tarixdən xəbərsiz olduğunu göstərir: “Nikol Paşinyan bir də Xocalı soyqırımında Azərbaycanı günahlandırdı və bunu mənşəyi bəlli olmayan qəzet nömrəsindəki yazı ilə əsaslandıraraq ermənilərin bu soyqırımında iştirakını inkar edir. Lakin Azərbaycanın bu məsələdə haqlı olduğunu ən düzgün şəkildə ifadə edən Prezident İlham Əliyev, Qarabağ, eləcə də ətraf bölgələrdəki Azərbaycan ərazilərinə dair erməni iddialarının əsassız olduğunu ortaya qoydu”.

Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrini yerinə yetirməməklə Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini heçə saydığını deyən H.Bal söyləyib ki, bu günədək ermənilərin işğal siyasəti və onlar tərəfindən törədilən cinayətlərə dünya ictimaiyyəti hələ də göz yummaqdadır.

“Düşünürəm ki, bu qərarlara məhəl qoymayan Ermənistana beynəlxalq miqyasda təsirli sanksiyalar tətbiq olunmalıdır. Atəşkəs rejiminin qüvvəyə mindiyi gündən indiyədək Azərbaycan tərəfinin sərgilədiyi mövqe - sülh yolu ilə münaqişəni həll etmək istəyi hələ də nəticə verməyib. Ermənistan Azərbaycan ərazisindəki işğalını beynəlxalq hüquqa zidd olaraq davam etdirir. Lakin, Ermənistan bu bölgədə varlığını davam etdirmək istəyirsə əvvəlcə qonşularının sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməlidir. Qarabağ probleminin Azərbaycanın maraqları daxilində həlli bölgədəki sülh və əmin-amanlığı da bərpa edəcək”, - deyə H.Bal qeyd edib.