Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. 

Unikal.org xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, fevralın 17-si üçün yoluxucu xəstəliklər şöbəsində 2 nəfər var. Bunlar Çinin Çançun şəhərində təhsil alan 1994-cü il təvəllüdlü və Çinin Uhan şəhərində təhsil alan 1992 ci il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır.

Qeyd edilən tələbələr fevralın 1-i Uhan-Ankara aviareysi ilə Ankara şəhərinə gəliblər və orada karantinə yerləşdiriliblər.

Karantin müddətində Türkiyədə alınan analizlərin cavabları mənfi olub, yəni onların səhhətində heç bir problem aşkarlanmayıb. Karantin müddəti bitdikdən sonra Bakıya qayıdan zaman bədənlərinin hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.

Bu gün saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada 1 nəfər qalır. Onun karantin müddəti fevralın 18-i bitir. Vəziyyəti normaldır, heç bir şikayəti yoxdur.