Ağdaş rayonunda zəhərlənmə hadisəsi baş verib.

Unikal.org  xəbər verir ki, hadisə fevralın 16-da, saat 23 radələrində rayonun Yuxarı Ləki kəndində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü A.Səmədova yaşadığı evdə xaş yedikdən sonra anidən səhhəti pisləşib. Daha sonra gənc qız qıcolma olub və həmin vaxt təcili yardım çağırılıb. O, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanada A.Səmədovaya ilkin olaraq meningit diaqnozu qoyulub. O, müayinə və müalicə edilib. Lakin qızın vəziyyəti yaxşılaşmayıb və fevralın 17-də valideynləri A.Səmədovanın dərman içərək zəhərlənə biləcəyini dedikdən sonra onun mədəsi yuyulub.

Həmin gün A.Səmədovanın vəziyyətinin ağırlığı ilə bağlı o, Bakı şəhərindəki xəstəxanaların birinə göndərilib.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.