Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev gömrük orqanlarında fəaliyyətə başlayan 3-cü "könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüşüb.

Qurumdan Unikal.org-a verilən məlumata görə, könüllü gömrükçüləri salamlayan Komitə sədri Səfər Mehdiyev Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin "Könüllülər ili" elan olunması münasibətilə bir daha onları təbrik edib və bunu ölkə başçısı tərəfindən könüllülərə, gənclərə verilən yüksək dəyərin bariz nümunəsi kimi qiymətləndirib. Ötən ildən etibarən gömrük orqanlarında da könüllülük hərəkatının geniş vüsət aldığını diqqətə çatdıran Komitə sədri artıq "könüllü gömrükçü" dəstəsinin 2 qrupunun fəaliyyətini başa vurduğunu, 3-cü qrupda təmsil olunmağa haqq qazanan könüllülərin də uğurlu nəticələr əldə edəcəyinə, faydalı təcrübə və biliklər qazanacağına əminliyini ifadə edib.

Komitə sədri onu da vurğulayıb ki, əvvəlki dövrlərdə nümunəvi fəaliyyəti ilə fərqlənən, gömrük işini və gömrük qanunvericiliyini dərindən mənimsəyən könüllü gömrükçülərdən bəziləri gömrük orqanlarında işlə təmin olunub. Bu ənənənin davam etdiriləcəyini diqqətə çatdıran Səfər Mehdiyev gənclərə məsuliyyətli olmağı, fəaliyyət göstərdikləri sahədə zəruri bilik və bacarıqları əldə etmək üçün səylərini artırmağı tövsiyə edib, bu məqsədlə gömrük orqanları və səlahiyyətli şəxslər tərəfindən tərəfindən onlara hərtərəfli dəstəyin göstəriləcəyini bildirib.

Xatırladaq ki, 3-cü "könüllü gömrükçü" dəstəsinə 300-ə qədər gənc cəlb olunub.