Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Neftçala rayonunun vəzifəli şəxsləri Səbail Rayon Məhkəməsinə gətirilib.

Unikal.org-un xəbərinə görə, onların barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Hazırda hakim növbə ilə təqdimatlara baxır.

Qeyd edək ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavinləri Vurğun Əkbərov, Gültəkin Sadıqova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimovr rüşvət alma və rüşvət vermə əməllərini törətməkdə şübhəli bilinərək həbs ediliblər.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları fevralın 20-də Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirib. Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.