Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində respublikada qadağan edilmiş təşkilatın mitinqlərinə gələn 100-ə yaxın adam saxlanılıb.

Unikal.org  “İnterfaks”a istinadən xəbər verir ki, mitinqləri ölkədə hakimiyyət dəyişikliyinə çağıran və ekstremist kimi tanınan “Qazaxıstanın Demokratik Seçimi” təşkilatının tərəfdarları təşkil ediblər.

Eyni zamanda bəzi nümayişçilər heç bir siyasi birliyə adi olmadıqlarını, sadəcə, ölkədəki mövcud vəziyyətdən narazılıqlarını bildirməyə gəldiklərini söyləyiblər.

Məlumata görə, qazaxıstanlıları fevralın 22-də mitinq keçirməyə çağıran ölkəni tərk edən və Qazaxıstanda qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilmiş keçmiş energetika naziri Muxtar Ablyazov olub. O, “Qazaxıstanın Demokratik Seçimi” təşkilatının təşkilatçısıdır.