Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xudat şəhəri ərazisində yerləşən iki fərdi yaşayış evindən ümumi dəyəri iki min manatdan çox olan iki ədəd televizor, bir ədəd xalça, bir ədəd samovar və bir ədəd müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş V.Mursaibov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Unikal.org-a verilən məlumata görə, Dindirilmə zamanı həmin şəxs evlərə gecə saatlarında qanunsuz daxil olaraq oradan zərərçəkmişə məxsus əşya və avadanlıqları oğurladığını etiraf edib. Qanunsuz olaraq əldə etdiyi qənimətləri dəyərindən xeyli ucuz qiymətə - 250 manata satan V.Mursaibov, əldə etdiyi pulları xərclədiyini bildirib.

Polis əməkdaşları tərəfindən əşya və avadanlıqların satıldığı yer müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.