Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Bununla da seçki prosesinin əsas hissəsi bitmiş sayılır. Yəni, 4 dairənin nəticələri ləğv olunduğundan 121 dairənin qalibləri ilə bağlı Konstitusiya Məhkəməsinin qərarından sonra yeni parlamentin tərkibi formalaşmış olacaq. Lakin seçkinin nəticələrindən narazı olanlar prosesin bitmədiyini, mübarizəni davam etdirəcəklərini deyirlər.

“Unikal” qəzetinə müsahibə verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu maraqlı məqamlara toxunub.

-Sərdar bəy, parlament seçkilərini bir proses olaraq bitmiş hesab etmək olarmı?

-Öncə onu deyim ki, prosesin nəticə etibarı ilə qalib, yaxud lider namizədləri yoxdur. Adı qalib kimi elan olunan şəxslər seçki saxtakarlığında iştirak ediblər və onlar da baş verən qanun pozuntularına görə məsuliyyət daşıyırlar.

İkincisi, seçki prosesi hələ bitməyib. Çünki artıq məhkəmə mərhələsi başlayıb. Biz MSK-nın qeyri-qanuni qərarları ilə bağlı məhkəmələrə müraciət edəcəyik. Bu baxımdan hesab edirik ki, seçkini tələm-tələsik başa vurmaq, nəticələri elan etmək və Konstitusiya Məhkəməsinə müracitə etməyin heç bir mənası yoxdur. Onu da qeyd edim ki, Konstitusiya Məhkəməsi seçki ilə bağlı məsələlər məhkəmələrdə araşdırılıb bitməyənə qədər nəticələri təsdiqləyə bilməz. Çünki qanunda seçkinin nəticələri ilə bağlı məhkəmələrə müraciət qanunda nəzərdə tutulursa, Konstitusiya Məhkəməsi digər məhkəmələrin qərarını gözləmədən bu məsələyə baxa bilməz.

-Budəfəki seçkidə müxalifətin davranışı barədə nə deyə bilərsiniz? Seçkidə iştirak və sonrakı mərhələdə lazım olan addımlar atıldımı?

-Azərbaycanda klassik seçki keçirilmədiyinə görə, ortada saxta proses olduğuna görə, müxalifətin necə davranması barədə bir söz demək düzgün deyil. Müxalifət demokratik bir prosesdə bu və ya başqa şəkildə iştirak edə bilər. Əgər prosesin özü saxtadırsa, Müxalifətin bu prosesdə iştirakı və davranışı bu saxtakarlığı, qanunsuzluğu üzə çıxarmaqdan ibarət olmalıdır. Biz müxalifət olaraq, bunun üçün seçkiyə qatıldıq və imkanlarımız daxilində bu saxtakarlığı ortalığa qoymuşuq. Bilirsiniz ki, 125 dairənin hamısından narazılıq var, şikayətlər verilib, faktlar təqdim olunub. Düşünürəm ki, bunu Avropa Məhkəməsinə qədər aparıb çıxaracağıq. Müxalifətin əlində olan yeganə imkan baş verən saxtakarlığın üstünü açmaq idi, onu da eləmişik. Hələ indiyə qədər seçki saxtakarlığı budəfəki kimi ifşa olunmamışdı. Dünya miqyasında bu seçkilərin saxtalaşdırılması öz əksini tapıb. Təbii ki, bu da müxalifətin və seçkiyə qatılan aktiv bitərəf namizədlərin fəaliyyətinin nəticəsidir.

-Məlumdur ki, budəfəki seçkiləri izləmək, müşahidə aparmaq üçün bir sıra ölkələrdən, beynəlxalq təşkilatlardan, eləcə də ATƏT-in nümayəndələrindən ibarət qurplar ölkəmizdə oldular. Seçkidən sonra verilən bəyanatlarda qeyd olundu ki, seçki prosesində müəyyən qanun pozuntuları...

-(Sözümüzü kəsərək) Müəyyən qanun pozuntusu yox... Müəyyən sözünü o zaman demək olardı ki, bir neçə məntəqədə qanun pozuntusu olsun və bunlar cinayət xarakteri daşımasın. Bu seçkidə total şəkildə qanun pozuntusu olub. Ona görə də baş verənləri bu cür sözlərlə ört-basdır eləmək düzgün deyil. Burada müəyyən qüsur zad yoxdu, bütün dairələr üzrə saxtakarlıqlar var.

-Ümumilikdə seçkini müşahidə edən və nəticələrlə bağlı qiymət verən beynəlxalq təşkilatların mövqeyini necə dəyərləndirirsiniz?

-Çox normal. ATƏT-in seçkinin nəticələri ilə bağlı verdiyi bəyanat hələ bir qədər yumşaq idi. Onların verdiyi bəyanatda qeyd olunurdu ki, 70 faiz dairələrdə qanun pozuntuları olub. Görünür, onlar siyasi etika baxımından yüz faiz dairələrdə qanun pozuntusunun olduğunu qeyd eləməyiblər. Onlar qeyd edirlər ki, 70 faiz dairədə qanun pozuntusu olub, seçki qeyri-şəffaf keçib. Əslində, bu məqam özü kifayət edir ki, seçkilər yenidən keçirilsin. Əgər parlamentin yarıdan çoxu qanun pozuntusu və qeyri-şəffaf keçən seçki ilə seçilibsə, bu parlament xalqın iradəsini təmsil edə bilməz. Yəni, ATƏT-in seçki missiyasının bəyanatındakı sətiraltı mənası odur ki, parlament seçkiləri yenidən keçirilməlidir.

-Seçkinin bu cür keçiriləcəyini əsas gətirərək boykot yolunu tutan müxalifət nümayəndələri indi deyirlər ki, onların seçkiyə qatılmamaq qərarı haqlı imiş. Onların təbirincə desək, saxta prosesdə iştirakın nə mənası vardı?

-Bu, o qədər zəif məntiqdir ki, bunu müzakirə etməyə belə dəyməz. Tutaq ki, polis oğurluğa qarşı mübarizə aparır və hər hansı bir səbəbdən cinayətin üstünü aça bilmirsə, durub deyək ki, polisin cinayətə qarşı mübarizə aparmasının nə mənası var. Cinayət baş verib, həmin cinayəti ifşa eləmək lazımdır. Seçkidə iştirak etməyən müxalifət hansı faktı ortaya qoya bilib? Seçkinin nəticələri ilə bağlı hansı mübarizəni apardılar? Boykot yolunu tutanlar heç bir mübarizə aparmırlar. Bu gün faktiki olaraq seçki saxtakarlığına qarşı mübarizə aparanlar seçki prosesində iştirak edən tərəflərdir.

Biz təklif elədik ki, gəlin seçkiyə qatılıb bu yolla mübarizə aparaq, bu yolla getməyənlər hansı yolla mübarizə apardılar ki? Yəni, bizim təklifimizin alternativi kimi ortaya nə qoydular? Heç nə. Hər bir prosesdə iştirak edib demokratik mübarizə aparmaq lazımdır. Seçkidə iştirak edib, sonra da saxtakarlığa qarşı mübarizə aparmaq xalqın hakimiyyətin yürütdüyü siyasətlə barışmadığını, bütövlükdə ölkədə siyasi sistemin böhrana düşdüyünü göstərdi. Müxalifətin əldə edə biləcəyi ən böyük nəticələr bundan ibarətdir də.

-Seçkidə iştirak etməsəydiniz, nə baş verəcəkdi?

-Əgər biz seçkidə iştirak etməsəydik, hökumət yalançı alternativlər ortaya çıxaracaqdı, istədikləri adamları qalib edəcəkdilər, nəticələrin saxtalaşdırıldığını heç kim iddia etməyəcəkdi. Amma bizim seçkidə iştirakımız ölkədəki mövcud durumu ortaya çıxardı. Yəni, bu müqavimətin özü çox vacib bir məsələdir.

Əgər boykot yolunu tutanlar seçkinin nəticələrinə etiraz eləsəydilər, bizə qoşulub seçkidə iştirak edənlərin haqlarının tapdanması ilə bağlı mübarizəyə dəstək versəydilər, o zaman onların hərəkəti başadüşülən olardı. Seçki ilə bağlı bir kəlmə danışmırlar, seçkidə iştirak edən qüvvələrə heç bir dəstək vermirlər, aparılan mübarizəyə qoşulmurlarsa, deməli, dolayısı ilə iqtidara xidmət edirlər.

-Yəni, boykot tərəfdarları hakimiyyətin əlinə oynayırlar...

-Əvvəla, Azərbaycan qanunlarına görə seçkiləri boykot eləmək olmaz. İkincisi, xalqın seçkiyə gəlməməsi boykotun nəticəsi deyil. Bu Xalqın apolitik vəziyyətə düşməsi, öz taleyinə biganə qalması, dövlətin və cəmiyyətin həyatında iştirak etməkdən imtinası deməkdir. Yəni, bunun müxalifətə heç bir aidiyyatı yoxdur, xalqın özünün problemidir. Təbii ki, bu vəziyyətin yaranmasında günahkar hakimiyyətdir. Uzun müddət seçkilər saxtalaşdırıldığına görə xalqda siyasi sistemə etimad qalmayıb. Yeni Azərbaycan Partiyasının 700 min üzvü var. Hər dairəyə 5 mindən artıq adam düşür. Elə dairə var ki, orda seçkiyə min nəfər adam gəlməyib. Yəni, YAP-ın üzvləri belə seçkidə iştirak etməyib. Əslində, bu ciddi problemdir və ölkə üçün təhlükəli nəticələri ola bilər.

- Sərdar bəy, bəzi siyasi qüvvələr seçkinin nəticələri ilə bağlı mitinqin keçirilməsini istəyirlər. Bu barədə Siz nə düşünürsünüz?

-Bir halda ki, Azərbaycan xalqının 70-80 faizi seçkilərdə iştirak eləməyib, seçki ilə bağlı keçirilən mitinqdə də xalqın böyük əksəriyyəti iştirak eləməyəcək. Zəif mitinqlərlə seçki saxtakarlığını ifşa eləmək mümkün deyil. Düşünürəm ki, bu cür zəif mitinqlər dolayısı ilə saxtakarlığa haqq qazandırmaq deməkdir. Məzahir Pənahov deyir ki, mən çox fəxr edirəm ki, gəlib MSK-nın qarşısında etiraz edirlər. Bu o deməkdir ki, bu etirazlar onlara lazımdır. Bu cür zəif aksiyalar onların əlinə imkan verəcək ki, desinlər prosesdə qüsurlar olub, bu qədər adam da etiraz edir və həmin məntəqələri ləğv edirik. Deyəcəklər ki, biz seçki saxtakarlığının nəticələrini aradan qaldırdıq. Vəssəlam. Bununla da ümumi prosesə legitimlik donu geyindirilir. Ona görə də hesab edirəm ki, seçki ilə bağlı mitinqlər effektsiz olacaq. Bu mənada, daha qeyri-standart, demokratik üsul və vasitələrdən istifadə edib mübarizəni davam etdirmək lazımdır.

Z.Məmmədli