Azərbaycan Kooperasiya Universitetinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənc Kooperatorların IV Liderlik Məktəbi”nin açılış mərasimi və ilk təlimi keçirilib.

Unikal.org xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva, Universitetin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, “İnsan mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov, Nərimanov Rayon Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, İslahat.az saytının redaktoru Rəşad Bayramov, Qərbi Kaspi Universitetinin Tələbə Birliyinin sədri Fuad Heydərli, Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi, rayonun fəal gənci Nurlan Hüseynov, bir çox təlimçilər və fəal gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva qonaqları və tədbir iştirakçılarını salamlayaraq layihənin məqsədi haqqında geniş məlumat verdi. O, qeyd etdi ki, 2 gün ərzində keçiriləcək Gənc Kooperatorların IV Liderlik məktəbində müəyyən təlimçilərin iştirakı ilə gənclər arasında təbliğat işlərinin aparılması, liderlik duyğularının üzə çıxarılması nəzərdə tutulub.

Daha sonra “İnsan mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov, Nərimanov Rayon Bələdiyyəsinin sədr müavini Vüsal Cəfərli, İslahat.az saytının redaktoru Rəşad Bayramov, Qərbi Kaspi Universitetinin Tələbə Birliyinin sədri Fuad Heydərli, Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi, rayonun fəal gənci Nurlan Hüseynov və digər çıxışçılar qeyd etdilər ki, insanlıq tarixində liderliyin çox böyük rolu vardır. Güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçmiş və tarixi uğurlar əldə etmişlər. Lakin liderlik keyfiyyətləri təkcə dövlət başçıları, siyasi xadimlər üçün yox, hər bir şəxsiyyət üçün vacibdir. Hər kəs işlədiyi yerdən asılı olmayaraq, liderlik keyfiyyətlərinə malik olmalı və bunun üçün öz üzərində daim çalışmalıdır. Hər bir müəssisənin, kollektivin, təşkilatın uğuru ona rəhbərlik edən şəxsin liderlik bacarığından çox asılıdır. “Gənc Kooperatoların IV Liderlik Məktəbi” çərçivəsində də məhz liderlik bacarıqlarının gənclər arasında təsbit olunması nəzərdə tutulmuşdur.

Sonda ekspertlər tərəfindən gəncləri maraqladıran suallar cavablandırıldı və xatirə şəkili çəkildi.