Konstitusiya Məhkəməsi 9 fevral tarixində Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.  Bununla da 6-cı çağırış Milli Məclisə seçkilər bitdi və yeni tərkibdə parlament fəaliyyətə başlamağa hazırdır.

“Unikal” qəzetinə müsahibə verən 79 saylı İmişli seçki dairəsindən Milli Məclisə üzv seçilmiş Razi Nurullayevlə söhbətimiz də elə bu mövzuda oldu.

-Razi bəy, Konstitusiya Məhkəməsi də seçki ilə bağlı qərarını verdi və nəticələr təsdiqləndi. Ümumiyyətlə, budəfəki parlanent seçkilərini necə qiymətləndirirsiniz?

-İndiyə qədər keçirilən seçkilər içərisində deyərdim ki, ən maraqlı seçki budəfəki oldu. 1500 yaxın dəyərli namizədlər marafona qoşuldular və rənglər o qədər çox idi ki, göz qamaşdırırdı. Namizədlər maraqlı seçki kampaniyaları apardılar. Bütün namizədlər qələbəyə çox ümidli idilər. Nə etmək olar ki, seçkinin də bir xüsusiyyəti var. Hər dairədən bir qalib olur. Qaliblər razı, qalib olmayanlar narazı. Bütün qalibləri təbrik edirəm. Seçkidə iştirak edən bütün namizədlərə də təşəkkür edirəm ki, maraqlı kampaniya apardılar və ölkədə ciddi siyasi fəallıq yaratdılar. Allah onlar üçün də uğurlu qapılar açsın!

-Kifayət qədər namizəd seçkinin nəticələrindən narazı qaldı. Siz narazı olanlardan kimlərisə haqlı sayırsızmı, yoxsa...

-Seçkilər dünyanın harasında keçirilir keçirilsin, razı və narazılar olur. Narazı qalanlar hüquqi müstəvidə həll yoluna baş vurdular. Heç kim təsdiq etmir ki, İsveçdə, Norveçdə olan qədər ideal seçki oldu. Amma, ATƏT belə seçkinin nəticələrinə ehtiyatla münasibət bildirdi. Xeyli irəliləyiş olan sahələri qeyd etdilər. Seçki bir institutdur və daima təkmilləşdirilməlidir. Çoxlu seçki mütəxəssisinə, seçki təlimlərinə, püxtələşmiş ekspertlərə ehtiyac var. Bunlar zamanla həll edilir. Qərb dünyası bizim ideal dediyimiz seçki institutuna uzun onilliklər nəticəsində nail olub. Bəzi keçmiş sovet ölkələri də irəli gedə biliblər. Azərbaycan da dünya standartlarına uyğun seçki keçirmək üçün çalışır və ümidvaram ki, bu seçkilərdə bunun əsası qoyuldu. Bütün şikayətlərə operativ baxıldı, sosial media rolikləri əsas kimi qəbul edildi, hər kəsə seçki məntəqəsində sərbəst şəkildə video, foto çəkməyə şərait yaradıldı, polis müdaxiləsi olmadı. Bunlar ciddi irəliləyişlərdir.

-Sizin dairə ilə bağlı da qalmaqal oldu, hətta sizin saxta yolla, hakimiyyətin dəstəyi ilə deputat mandatına sahib olduğunuzu iddia edənlər də var…

-Bu sual qərəzlidir. Bunu mənim dairəmin nəticələrindən xəbərsiz, apardığım seçki kampaniyasını izləməyənlər, o cümlədən digər dairələrdə olanlardan xəbərsiz kəslər verə bilər. Ümidvaram ki, siz bu siyahıya daxil deyilsiniz.

-Parlamentin tərkibində 30 faiz dəyişiklik oldu. Sizcə, buna görə səsküylü növbədənkənar seçkilər lazım idimi?

-Parlamenti Milli Məclis üzvləri özləri buraxıb. Cənab prezident növbədənkənar seçkilər təyin edib. Bizim bildiyimiz bu idi ki, Parlament Prezidentin apardığı islahatlarla ayaqlaşa bilmirdi. 30% çox böyük rəqəmdir. İslahatların zərərsiz və təhlükəsiz ötüşməsi üçün mərhələli və bir az da sabit keçməsi arzuolunandır. Radikal dəyişiklik inqilablar zamanı olur. YAP isə təbii ki, özünə qarşı inqilab etmək niyyətində deyildi. 30% elə inqilabi dəyişiklik kimi də nəzərdən keçirilə bilər. Axı biz ölkədə mövcud olan siyasi vəziyyəti yaxşı bilirik, daxili müqavimətin də olması danılmazdır, narazılar ordusunun da ola biləcəyi və artacağı ehtimal olunur. Belə bir vəziyyətdə islahatların ehtiyatla keçirilməsi vacibdir. Ümid edirəm ki, yeni parlament daha çevik işləyə biləcək və islahatların sürətlənməsi üçün zəmin yarada biləcək ki, cənab Prezident daha qətiyyətli və inamlı addımlar ata bilsin. Mən belə başa düşürəm ki, Prezidentə islahatların dərinləşməsi üçün ciddi dəstək lazımdır və parlament də bunu təmin etməlidir.

- Parlamentə düşdünüz. Razi Nurullayev seçki dövründə səsləndirdiyi ciddi məsələləri Milli Məclisdə bir deputat kimi necə həll edəcək?

-Seçki kampaniyası dövründə proqramımı açıqlamışdım. Vacib olan xalqın sözünü demək, xalqın yanında olmaqdır, gözləntilərini doğrultmaqdır. Bunun üçün də digər Milli Məclis üzvləri ilə birlikdə xalqın mənafeyinə, rifahına cavab verən məsələlərin qəbul olunmasına, təkminləşməsinə çalışacam. “Uşaqpulu” məsələsini israrla qaldıracağam və bunun mahiyyətini, zərurətini izah etməyə çalışacağam. Ünvanlı sosial yardım yerinə uşaq pulunun verilməsi zərurətə çevrilib və bu zərurəti deyəcəyəm. Seçki proqramımda olan digər məsələlərin də həlli üçün digər deputat həmkarlarımla birlikdə əlimdən gələni edəcəyəm. Bununla bərabər, xalqın güzəranının yaxşılaşdırılması üçün buna xidmət edə biləcək qanun layihələrinin hazırlanmasında yaxından iştirakçı olmaq istəyirəm. Əlavə olaraq, yeni parlamentin ölkədə aparılan islahatlarla ayaqlaşması üçün əlimdən gələni etmək niyyətindəyəm. Çünki yeni parlament ölkədə başlanan islahat dalğası ilə ayaqlaşmalıdır, kompakt, mobil və hərəkətli şəkildə bütün bu məsələlərə vaxtında doğru-dürüst qanunlar qəbul etməlidir, sözünü deməlidir.

-Sizin Partiyanız qeydiyyatdan keçməyib, parlamentdə təmsil olunan partiyaların maliyyələşməsi məsələsi var. Bu imkanlardan necə yararlanacaqsınız? Partiyanın adını dəyişib qeydiyyatdan keçəcəksiz, yoxsa necə?

-Partiyanın qeydiyyat məsələsi asan görünmür. Adla bağlı da müzakirələrimiz olmayıb. Biz yaranan vəziyyətə uyğun hərəkət edəcəyik. Bəzi nüansların aydınlaşmasına ehtiyac var. Təbii ki, Parlament partiyası olmaq istəyirik.

-İqtidar-müxalifət dialoqunun başlandığı deyilir. Artıq bir sıra müxalifət partiyalarının rəhbərləri ilə PA rəsmisinin görüşü olub. Bu barədə siz nə düşünürsünüz?

-Dialoqun başlanmasına müsbət yanaşıram. Xeyli siyasi problemlər var, onlar yerindəcə həll oluna bilər ki, gərəksiz polemikalara yol açmasın. İnşallah, dialoqun növbəti mərhələsində daha ciddi və predmetli danışıqların olacağına ümid edirəm!

-Ümumiyyətlə, yeni dönəmdə siyasi partiyaların üzərinə hansı yük düşür, hakimiyyət necə davranmalıdır?

-Yeni dönəmdə siyasi partiyaların da üzərinə ciddi məsuliyyət düşür və yaranan yükün bir hissəsini çəkməyi onlar üzərinə götürə bilər. Amma, məsuliyyət daşımaq üçün də məsul olduğun bir sahə, missiya olmalıdır. Bu yalnız vəzifə bölgüsü ilə ölçülmür. Ümid edirəm ki, siyasi partiyalarla iqtidar partiyası arasında daha işgüzar və məsuliyyətli münasibətlər yaranacaq. Bunun da nəticəsində hər kəs üzərinə düşən məsuliyyəti həm dərk, həm də müəyyən edəcək!