16 Sentyabr 2019
15 Sentyabr 2019
"Ədəbiyyat da cəmiyyət, mühitlə bərabər keçid dövrünü keçməkdədir"
"Ədəbiyyat da cəmiyyət, mühitlə  bərabər keçid dövrünü keçməkdədir" MÜSAHİBƏ 16:06 2012-11-13

"Ədəbiyyat da cəmiyyət, mühitlə  bərabər keçid dövrünü keçməkdədir"
"Ədəbiyyat da cəmiyyət, mühitlə
bərabər keçid dövrünü keçməkdədir"

Eyvaz Zeynalov: "Ədəbi mühitdə yaşanan "atalar və oğullar" dartışması atalar və oğullar arasında bütün dövrlərdə davamlı şəkildə baş vermiş dartışmanın ənənəvi davamıdı"

Ölkəmizin keçməkdə olduğu maraqlı sosial-siyasi proseslər ədəbi prosesdə də özünəməxsus şəkildə öz əksini tapmaqdadır. Yeni imzalar, yeni nəşrlər, yeni mövzular və yeni üslublar...Ölkənin ədəbi həyatında baş verənlərin bir qismi ilə bağlı suallarımızı "Yazı" ədəbi-bədii dərgisinin baş redaktorunun birinci müavini, yazıçı Eyvaz Zeynalov cavablandırır.

-Ölkənin sayca çox da zəngin olmayan ədəbi-bədii nəşrləri içində "Yazı" dərgisinin seçim və mövzuca xüsusən təzə-tər görünməsi hansı prinsiplərə söykənir?
-Əvvəla, "Yazı" dərgisi haqqında dəyərli oxuculara bir neçə söz demək, qısa məlumat vermək istərdim. "Yazı" 200 səhifə həcmində bədii ədəbiyyat dərgisidi. Heç bir təşkilata bağlılığı, kimsədən asılılığı yoxdu. Bir neçə yazar dostun ideyası, ağlı və iradəsi hesabına rüblük dərc olunur. İş yerimiz, ofisimiz yoxdu. Dərgimizin ilk nömrəsi işıq üzü görən vaxtdan eyni adlı saytımız da fəaliyyət göstərir. Hər ikisində, həm dərgimizdə, həm də saytımızda əlaqə saxlamaq üçün telefon nömrələrimiz, e-mailimiz yazılıb. Dərgimiz də, saytımız da hamının, ilk növbədə, əlbəttə, ona dəyər verən, abunə yazılan, yayım köşklərindən alıb oxuyanların üzünə həmişə açıqdı. Elə bir xüsusi seçim prinsipimiz yoxdu. Sadəcə, heç bir fərq, ayrı-seçkilik qoymadan hər bir istedadlı qələm sahibinin əsərlərini çap etməyə hazırıq. Çalışırıq ki, dərgimizi oxucuların, ədəbiyyatsevərlərin hər bir nömrəsini intizarla gözlədiyi, sevə-sevə əldə edib oxuduğu, əsərlərini göndərdiyi günümüzün ədəbiyyat, sənət abidəsinə çevirək.Sualınızda vurğuladığınız kimi, əgər "Yazı" dərgisi mövzuca, doğrudan da, "təzə-tər" görünürsə, nəzəri cəlb edirsə, bu, bizim uğurumuzdu.
-İndiki ədəbi-ictimai düşüncəmiz yüz il öncəki prosesə güclü şəkildə uduzur. Yaxın onilliklərdə bu "məğlubiyyətin əvəzini çıxmaq" mümkün olacaqmı?
-Mən indiki ədəbi-ictimai düşüncəmizin yüz il əvvəlkinə uduzduğu, həm də güclü şəkildə uduzduğu ilə razı deyiləm. Nədənsə biz tez-tez ayrı-ayrı dövrlərdə yaşayıb-yaratmış görkəmli şəxsiyyətlərimizi, sənətkarlarımızı bir-biri ilə müqayisə edir, əvvəlkiləri sonrakılardan daha artıq dəyərləndiririk. Məncə, bu, tamamilə səhv yanaşmadı. Müqayisə yenə o qədər dəqiq olmasa da deyəcəyəm, bəlkə bu ona bənzəyir ki, dağın dibində dayananda onun möhtəşəmliyini daha yaxşı görə bilmirik? Əvvəla, yüz il öncəki dövr tamam başqa bir dövr idi. Dövrün diktəsiynən ona uyğun da sənət, ədəbiyyat və sənətkarlar yetişmişdi. Toxum hansı torpağa düşərsə, o torpağın gücünə, imkanlarına görə də məhsul verər. Sənətkarı yetişdirən öz mühitidi. Böyük ustadlarımız Cəlil Məmmədquluzadənin, M. Ə. Sabirin, H. Cavidin bu gün yaşasaydılar, çağdaş yazıçı və şairlərimizdən daha üstün əsərlər yarada biləcəyinə qətiyyən inanmıram. Uzağa getmək lazım deyil, 60-cıları götürün. SSRİ məkanındakı ab-havanın bir balaca təzələnməsi, rejimin yumşalması ilə necə sənətkarlar və sənət əsərləri meydana gəldi. Həmin 60-cıların ən görkəmli nümayəndələri hal-hazırda da bizim müasirlərimizdi. Amma baxın, hansı biri hazırkı dövrü əks elətdirən əvvəlki əsərlərinə bərabər möhtəşəm bir əsər ortaya qoya bilib? Odu ki, ədəbiyyat səhnəsində baş verən bu prosesi məğlubiyyət adlandırmazdım. Həmişə olduğu kimi, bu gün də ədəbiyyatımızda hər cəhətdən bir dəyişmə, yeniləşmə prosesi getməkdədi. Görürsünüz, ictimai-siyasi prosesi xarakterizə edəndə deyirik ki, keçid dövrünü yaşayırıq. Ədəbiyyat da cəmiyyət, mühitlə bərabər keçid dövrünü keçməkdədi. Yeni ədəbiyyatın özünə gəlməsi, toparlanması, cəmiyyətdə baş verənləri həzm etməsi, dərk etməsi, özününküləşdirməsi üçün müəyyən vaxt, imkan lazımdı.Məncə, bu gün yeni ədəbiyyatımızın sürətli inkişaf düövrüdü. Yeni ədəbiyyat deyəndə təkcə elə ədəbiyyata yeni gələn gənc ədəbi nəsil başa düşülməməlidi. Ədəbiyyatın forma, məzmun və mahiyyətcə yeniləşməyi başa düşülməlidi. İstər əvvəlki ədəbi nəsil olsun, istərsə sonrakı, fərqi yoxdu, əsas yaxşı yazmaq, ortaya nə qoymaqdı. Bir də, bayaq dedim, dağı bütünlükdə görmək üçün onun dibində dayanmırlar. Çağdaş ədəbiyyatımızın əsl qiyməti hələ çox sonralar veriləcək. Ola bilsin, bu gün nəzəri cəlb etməyən bir sənətkar və onun əsərləri yüz il sonra çağdaş ədəbiyyatımızın ən yaxşı təmsilçisinə çevriləcək, gələcək nəsil bugünkü ədəbiyyatımızı onun şəxsində tanıyacaq, dəyərləndirəcək. Yaxud əksinə, bu gün daha artıq tanınan, üzdə olan, əsərləri təbliğ edilən bir yazar və onun əsərləri iyirmi ildən sonra tarixin arxivinə atılacaq. Ən qüdrətli məhək daşı zamandı! Kimin udub, yaxud uduzduğunu o bizdən yaxşı bilir.
-Hazırda ədəbi mühitdə yaşanan "atalar və oğullar" dartışması bədii-estetik maraqlara əsaslanır, yoxsa?..
-Bu gün ədəbi mühitdə yaşanan "atalar və oğullar" dartışması atalar və oğullar arasında bütün dövrlərdə davamlı şəkildə baş vermiş dartışmanın ənənəvi davamıdı. Bu, hər zaman olmuş, olur, gələcəkdə də olacaq. Həm də təkcə yazarlara aid bir məsələ deyil. Bütün sənət sahələrinə aiddi. Məncə, təsadüfi deyilməyib: çəkişməsən, dartışmasan, bərkişməzsən! Yəni mübahisə, dartışma olmayan yerdə inkişaf da yoxdu. İnkişaf varsa, sənət, sənətkar irəliyə can atırsa, ortaya nəsə yeni, fərqli (qoy lap cüzi olsun) bir şey qoyursa, qeyri-iradi dartışma baş verəcək. Atalar yenini görüb ağız büzəcək, oğullar köhnəni bəyənməyib onunla mübahisəyə qalxacaq, haq-nahaq öz yenisinə həyat vəsiqəsi almağa çalışacaq. Bu dartışma prosesində yeni doğulacaq, inkişafı təmin edəcək. O başqa məsələdi ki, yeni nə qədər haqlıdı, yenidi, köhnə nə qədər haqsız, köhnədi. Mənə görə, bu dartışma ədəbiyyatın lokomotividi.Məncə, dartışmanın hansı maraqlara əsaslanmasının ədəbiyyat üçün elə bir fərqi yoxdu. Əvvəlki, bu gün "bəyənilməyən" nəslin nümayəndələri adətən söz düşəndə deyirlər ki, biz indikilər kimi deyildik. Özümüzdən qabaqkı nəslin nümayəndələrinə daha mülayim, hörmətlə yanaşırdıq və s. Mənasız söhbətlərdi. Birincisi, necə dartışdıqları yadlarından çıxıb, hörmət görməyə adətkərdə olublar, tənqid olunmağı yadırğayıblar. İkincisi də, həyat "kserokopya" deyil ki! Nə onların dövrü indiki dövrdü, nə də indikiləri o dövr yetirməyib. Əvvəlcə hər bir proses nizamsız başlayır. Sonra hər şey tədricən öz yerini tapır, oturuşur. Ona görə də narahat olmağa dəyməz. Təki bu dartışmadan ədəbiyyatımız qazansın!
-Sizcə, AYB-nin qurultayı niyə bu qədər gecikdirilir?
Həə, bu, çox çətin, həm də mənim cavab verəcək gücümdə olmayan bir sualdı. Orda-burda neçə dəfə bu sualı Yazıçılar Birliyinin sədri Anar müəllimə də verdiklərinin şahidi olmuşam. Amma o boyda ustadımızın özünün belə bu suala düz-əməlli, hamını qane edəcək bir cavab verdiyini eşitməmişəm.

Söhbətləşdi: Savalan