21 dekabr vahiməsinin görünən və görünməyən tərəfləri
21 dekabr vahiməsinin görünən və görünməyən tərəfləri

İşıq axtaranlar, yaxud ölkədə şam qıtlığı

21 dekabr vahiməsi sıravi insanları əməlli-başlı qorxuya salıb. Təcili şəkildə ərzaq ehtiyatı görənlər, mağazalarda əlimyandıda şam axtaranlar, xoflu-xoflu müzakirələr bütün dünyanı bürüyüb...

Qəzetimizin ötən saylarında bu barədə ətraflı yazmışdıq. Amma 21 dekabrla bağlı cəmiyyətdə baş qaldırmış vahimə bizi bir daha bu mövzuya qayıtmağa vadar etdi...

Mal-davarını satdı...

Bu fakt rayonlarımızın birində qeydə alınıb. Ailə başçısı həyətindəki iki inəyi sataraq onların puluna ərzaq alıb. Həm də konservləşdirilmiş ərzaq... Və deyib ki, “Dekabrın 21-dən sonraya tədarük edirəm”...
Və bu, yeganə fakt deyil. Rastlaşdığımız insanlarla təmas zamanı məlum olur ki, çoxları hay-küyə salmadan altdan-altdan ərzaq tədarükündədir: şamlar alan kim, fənər alan kim...

Şamaxı rəsədxanasından “21 dekabr
fəlakəti” reportajı

Bütün dünyada böyük səs-küyə səbəb olan “21 dekabr fəlakəti” ilə bağlı söz-söhbətlər bitmək bilmir. Elm və din adamları bu məsələyə aydınlıq gətirsə də, qədim Maya təqviminə inanan insanlar iddia edir ki, həmin gün Yer kürəsi zülmətə qərq olacaq və beləliklə, dünya məhv olacaq. Bu tarixə sayılı günlər qaldığından insanlar arasında böyük panikaya səbəb olan bu olayla bağlı Milli Elmlər Akademiyasının Astrofizika İnsitutunun Şamaxıdakı rəsədxanasına baş çəkib məsələyə elmi olaraq aydınlıq gətirmək istədik.
N.Tusi adına rəsədxananın elmi katibi Vaqif Xəlilov açıqlamasında bildirdi ki, deyildiyi kimi, planetlərin paradı baş verəcək: “Amma bunun qalaktikada hər hansı bir dəyişikliyə səbəb olacağını demək gülüncdür. Hətta dekabrın 21-də dünyanın axırı olacağını deyənlər belə bunu elmi əsaslarla sübut edə bilməzlər. Yer kürəsinin qaranlığa qərq olması yalnız Günəş sönən zaman baş verə bilər. Yaxud günəşin qarşısını planet və ya hər hansı iri həcmli bir cisim tutsa, Yer kürəsi tamamilə zülmətə qərq olar”.
Vaqif Xəlilovun sözlərinə görə, noyabrda günəş və ay tutulmaları baş verəcək ki, bu da cəmi 1-2 saat çəkəcək: “Günəş tutulması Yer kürəsinin cənubunda müşahidə ediləcək. Ay tutulmasını isə Azərbaycanda da müşahidə etmək olacaq. Əgər bir başqa göy cismi gəlib yerlə toqquşmasa, Yer kürəsi öz hərəkətində qalacaq. Ola bilər ki, böyük bir asteroid və ya komet Yer kürəsinə çırpıla bilər. Onu da kosmik cihazlar vasitəsi ilə 2-3 il öncədən bilmək olur. Müşahidələrimiz əsasında deyə bilərəm ki, həmin kometlər yaxın 20 ildə yer kürəsinə yaxınlaşmayacaq”.
Rəsədxananın elmi katibinin sözlərinə görə, yeni cihazlar vasitəsi ilə ən kiçik göy cisimlərini belə Yerə hansı məsafədə hərəkət etdiyini öyrənmək asandır: “Bir ayda 100 klomet aşkar olunursa, onlardan cəmi 4-5-ni müşahidə altında saxlaya bilirik. Şamaxı rəsədxanasının dünyanın digər aparıcı dövlətlərinin rəsədxanaları ilə informasiya mübadiləsi var. Yer kürəsində hər hansı bir dəyişiklik baş verərsə bunu öncə biz bilərik”.
V. Xəlilov tövsiyə edir ki, insanlar heç bir elmi əsası olmayan boş sözlərə qulaq asmasalar, daha yaxşı olar: “21 dekabrla bağlı iddianı irəli sürənlərin kimliyi belə məlum deyil. Maya təqviminə əsaslanan kinorejissorların dünyanın sonu ilə bağlı çəkdikləri film insanların psixologiyasına çox böyük təsir edib”.

Vanqa , Nostradamus, Rasputin və başqaları...

21 dekabr barədə məşhur bolqar görücüsü Vanqa, Nostradamus, Rasputin və başqaları da məlumat veriblər.
Vanqanın sözlərinə görə, 2012-2017-ci illərdə bəşəriyyətin inkişafında böyük sıçrayışlar baş verəcək.
Nostradamus və Rasputin isə bildiriblər ki, 2012-ci ildə Yer kürəsinin taraixində ən güclü təbii kataklizmlər başlayacaq (son günlər ABŞ-da baş verənləri yada salaq). Öncədən xəbər verənlər bu arada Rusiyaya xüsusi diqqət ayırıblar. Onların öncə demələrinə görə, bu dövrdə dünyanın taleyi daha çox Rusiyadan asılı olacaq. Nostradamusun Rusiya barədə heç nə bilməməsinə baxmayaraq bu ölkənin yerləşdiyi coğrafi koordinatları dəqiq şəkildə təsvir edib.

Zirəddin Rzayev:
"Əgər peyğəmbərlər
axirətin vaxtını
bilmirdilərsə, adi
insan bunu
necə görə bilər?"

Tanınmış ekstrasens Zirəddin Rzayevin məsələyə münasibəti isə fərqlidir. O bildirib ki, “Mən söz vermişəm ki, Azərbaycanla bağlı proqnoz verməyim. Çünki, birini deyəndə beşini yalan verirlər. Ona görə də, çalışıram ki, Azərbaycanda jurnalistlərdən kənar gəzim. Lakin istəyirəm onu deyim ki, heç kim narahat olmasın. Zəlzələlər və digər təbiət hadisələri çoxalsa da, ölkəmiz üçün hansısa ciddi fəlakətin baş verməsini görmürəm. Əhalimizə narahat olmamağı məsləhət bilirəm.
Deyirlər ki, Mayya təqvimində guya 2012-ci ilin dekabrında bir neçə sutka ərzində Yer kürəsi qaranlığa qərq olacaq. Ola bilsin ki, bunu astronomlar hansısa elmi hadisə ilə izah edə bilər. Lakin mən bununla bağlı heç nə deyə bilmərəm. Ümumiyyətlə qorxulu hadisə görmürəm. Xüsusən Azərbaycan üçün heç bir təhlükə, heç problem olmayacaq. Əhali arasında yaranan iğtişaşlar, qorxular tamamilə əsassızdır”.
Zirəddin Rzayev deyir ki, “Əslində bütün bu fikirlər boş söhbətdir. Hamısı cəfəngiyyatdır. Qiyamətin baş verəcəyini, qiyamətin qopacağını qabaqcadan, hətta 2 saat əvvəlcədən deyə biləcək bir adam yoxdur. Belə bir insan ola da bilməz. Çünki bunu Allahdan başqa heç kimi deyə bilməz. Bu dünyanı yaradanın cahanla bağlı öz sirridir. Əgər peyğəmbərlər axirətin vaxtını bilmirdilərsə, adi insan bunu necə görə bilər? Hər bir din Allaha xidmət edir və hər bir dinin öz peyğəmbəri var. İslam isə sonuncu və hər bir dinə hörmət edən, Məhəmməd Peyğəmbərə qədər olan elçilərin hamısını tanıyan dindir. Kimlərsə Qurani-Kərimi yandırmaqla, Məhəmməd Peyğəmbəri təhqir etməklə ağılsızlıq edirlər. Onlar əvvəl-axır öz cəzalarını alacaqlar. Allah mütləq onları cəzalandıracaq. Əslində bu hərəkətlər dinlər arasında müharibəyə qədər gətirə bilər. Bu müharibədə isə heç bir din qazanmayacaq. İtirən bəşər əhli olacaq. Çünki dinlər arasında olan müharibələr elə bizim dinsizliyimizdən irəli gəlir. Əgər xristianlar, yəhudilər, müsəlmanlar dinlərini yaxşı bilsəydilər müharibədən uzaq olardılar. Dinlər bir-birilərinin inanclarına hörmət etməlidir”.

Cümşüd Nuriyev:
“Dekabrın 21-də bu
qarşıdurma olacaq”

Politoloq cümşüd Nuriyev isə sözügedən məsləyə tamam başqa yöndən yanaşır – gizli ümumdünya hökuməti ilə Birləşmiş Ştatların hökuməti arasında yaşananlar baxımından.
Onun verdiyi maraqlı məlumata görə, “Rokfeller ailəsilə ABŞ dövləti arasında Federal Bankla bağlı saziş imzalanıb. Bu sazişin vaxtı dekabrın 21-də başa çatacaq. Rokfeller ailəsi də Barak Obamanın prezident seçilməsini istəmirdi ki, yenidən o sazişin müddəti artırılsın. Çünki ABŞ-ın Federal Ehtiyat Bankı həmin pulu havadan kəsir. Həmin pulların heç bir əmtəə dəyəri yoxdur. Belə bir şəraitdə də Obama sazişin müddətini uzatmaq istəmirdi. Rokfeller ailəsi də onunla üz-üzə dayanmış Rotşild ailəsilə münaqişəyə girmək istəyir. ABŞ-ın hərbi sistemi də Rotşild ailəsinin əlindədir. Belə bir şəraitdə iki ailə arasında baş verəcək qarşıdurmanın III Dünya Müharibəsinə gətirib çıxaracağına inananlar var. Bu məsələni də gündəmə gətirən Qərbdə olan Amerika siyasətçiləridir.
Hər halda dekabrın 21-də bu qarşıdurma olacaq. Bunun isə heç bir astronomik və astroloji izahı yoxdur. İstər İslamda, istərsə də xristian dinində dünyanın sonu ilə bağlı heç nə yoxdur. Başqa ənənəvi dinlərdə də bu barədə məlumatlar verilmir. Yəni heç bir fəlakət baş verməyəcək, qalan günlərdə də eyni proseslər davam edəcək. Məsələni bir növ iqtisadi cəhətdən istifadə edirlər. Azərbaycanda da məsələdən yararlanmağa çalışırlar. Burada əsas istifadə olunan şeylərə şam və quru ərzaqlar daxildir. Azərbaycanda da bu məhsullardan çox az istifadə olunur. Biz xristian deyilik ki, şamdan istifadə edək. Azərbaycanda enerji ilə bağlı heç bir problem yoxdur ki, şamdan istifadə olunsun. Həmin məhsulların da biznesini təşkil etmək istəyənlər var. Bunu da həyata keçirmək üçün millət arasında küy yaradırlar.
Bu küy də ondan ibarətdir ki, guya dekabrda 5 gün qaranlıq olacaq, mart ayına qədər enerji olmayacaq. Bunların da arxasında sırf iqtisadi və biznes maraqları dayanır. Birincisi bu işin arxasında Amerika və digər marağı olanlar dayanır. Məsələni Dalay Lama da gündəmə gətirdi. Vaxtilə də “quş qripi”ni də bu cür təqdim etdilər. Vaksinlər satılıb qurtarandan sonra məlum oldu ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə vaksin şirkəti arasında gizli müqavilə bağlanıb. Bu da həmin siyasətin bir növüdür. Hətta 90-cı illərin sonunda da alimlər 2000-ci ildə dünyanın dağılacağı haqqında bəyanat vermişdilər. Gah Meksikaya, gah Vanqaya istinad edirdilər. Qurani-Kərimdə bu barədə deyilir ki, dünyanın sonu Allaha məxsus olan sirdir. Həzrəti Məhəmməd dünyanın sonu haqqında heç nə bilmirdisə, adi insanların bunu gündəmə gətirməsi şəxsi maraqlara hesablanıb. Ona görə də narahat olmağa dəyməz, dekabrın 21-də dünyanın sonu olmayacaq”.

Və sonda

Qədim Maya təqviminə görə, 2012-ci il dekabrın 21-də Yer kürəsinin tarixində 5125 illik silsilə başa çatacaq və planet yeni silsiləyə keçməklə tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyacaq. Bu zaman indiyədək əməl etdiyimiz ruhsal dəyərlər – xeyir-şər, pis-yaxşı - ənənəvi rolunu itirəcək və dünya prosesləri insanlar tərəfindən başqa şəkildə qiymətləndiriləcək. Yəni yeni şüurun formalaşmasının təməli qoyulacaq.
“21 dekabr”ın konkret məzmunu bundan ibarətdir.

Fərzuq Seyidbəyli