Reallıq və acı nəticələr

Reallıq və acı nəticələr

Bakıda arvadını, baldızının gənc qızını və oğlunu qətlə yetirən şəxsin inanılmaz etirafları...
...Yusif həmin gün axşam evə gələndə yoldan 250 qramlıq araq da aldı. Evə çatanda baldızı Arzunun oğlu və qızının onlara rayondan qonaq gəldiyini gördü. Onlarla görüşüb hal-əhval tutdu. Yemək-içmək bitəndən sonra stolun üstü yığışdırıldı, özü, arvadı və qonaqlar birlikdə oturub televizora baxdılar. Yatmaq saatı gələndə hər kəs özü yerinə keçdi, təkcə ondan başqa...

Qırmızı kərpic və balta

... Hamı yatandan sonra mətbəxdə oturub yemək yeyən, araq içən Yusifin könlünə baldızı qızı ilə cinsi əlaqədə olmaq düşür. Lakin istəyini həyata keçirmək üçün ona mane ola biləcək adamlar - arvadı və qızın qardaşı var idi. O da arzusuna maneəsiz çatmaq üçün həmin adamları öldürmək qərarına gəlir. Yanvar ayının qılınc kimi kəsən soyuq gecəsində həyətdən qırmızı kərpici, dəhlizdən isə baltanı götürüb onların yatdığı otağa daxil olur. Onların yatmasından istifadə edib əvvəlcə arvadının başına kərpic və balta ilə zərbələr endirməyə başlayır. Arvadının öldüyünə əmin olduqdan sonra yatmış vəziyyətdə olan baldızının 17 yaşlı oğlu Anarın baş nahiyəsinə həmin kərpic və balta ilə çoxsaylı zərbələr vuraraq onu da qətlə yetirir. Artıq niyyətini həyata keçirmək üçün kimsə qalmadığını görən Yusif baldızının qızını zorlamaq istəyir. Lakin qız ona müqavimət göstərdiyindən onu da eyni üsulla qətlə yetirir. Daha sonra meyitin paltarlarını soyundurub, iki xətli elektrik naqilindən birini evin elektrik cərəyanı naqilinə qoşur, digər ucunu isə qızın cinsiyyət üzvünün üstünə, qıçlarına çəkərək ona yanıq xəsarətləri yetirir. Bundan sonra həmin əməlləri arvadının meyiti üzərində də təkrarlayır.

Qana bulaşmış paltarlar

Daha sonra qana bulaşmış paltarlarını çıxarıb təmiz paltar geyinən Yusif heç bir şey baş verməmiş kimi mətbəxdə oturub çay içir, qanlı paltarlarını, araq şüşəsini, meyitlərə elektrik cərəyanı verdiyi naqili bir torbaya qoyaraq özü ilə götürüb, mənzilinin qapısı bağlayıb avtobusla Lökbatan qəsəbəsindəki yol ayrıcına gəlir. Oradan da avtobusla Salyan rayonunun Xələc kəndində yaşayan əmisi oğlu Elşənin evinə gedən Yusif yolda qanlı paltarları olan torbanı Xələc kəndindəki kolluğa atır və telefonunu da söndürərək heç kimlə əlaqə saxlamır.
Bir neçə gün övladları Anar və Güneldən xəbər ala bilməyən anaları narahat olur. Bakıda yaşayan qohumları Vasifdən Yusifgilə getməyi xahiş edir. Vasif də qapının bağlı olduğundan evdə heç kimin olmadığını düşünür. Bundan sonra onlar Polis İdarəsinə və Fövqəladə Hallar Nazirliyinə müraciət edirlər. Müraciət əsasında evin giriş qapısı açılır və 3 meyit aşkar edilir.

"Arvadım məni kişi kimi qəbul etmirdi"

Aparılan istintaq araşdırması nəticəsində cinayət hadisəsinin Yusif tərəfindən törədildiyi müəyyən olunur və o, Xələc kəndində saxlanılır. İstintaq zamanı ifadə verən Yusif bir neçə dəfə ifadəsini dəyişdirir. O, ilkin ifadəsində özünü qismən təqsirli bilərək göstərir ki, təqsirin 50 faizi arvadı ilə baldızı qızı Günelin üzərinə düşür: "Arvadımla 1993-cü ildə ailə qurmuşuq. Lakin övladımız olmayıb. Əvvəllər mehriban yaşasaq da, sonradan arvadım mənimlə yola getmirdi. Lətifə məni kişi kimi qəbul etmirdi və yanına buraxmırdı, Günel isə daima ətrafımda fırlanaraq özünü mənə hər yolla sırımağa çalışırdı. Günel Bakıda texnikumda oxuyan vaxt bizdə qalıb, təhsilini bitirəndən sonra atasının yanına Qobustana getsə də, tez-tez bizə gəlirdi. Həmin gün hələ evə gəlməmişdən Günel mənə mesaj yazdı ki, təzə kompüter alıb. Lakin pulu olmadığı üçün internetə qoşula bilmir. Mən də mesaj yazdım ki, gələndə ona pul verərəm. Mən hər zaman o qıza maddi yardım etmişəm. Ümumiyyətlə, həmin uşaqları çox istəyirdim. Günellə bizim münasibətlərimiz onun tələbəlik illərindən yaranıb və bu cinsi yaxınlığa qədər gəlib çıxıb. İlk dəfə təxminən 2-3 il əvvəl Günelin razılığı ilə onunla cinsi əlaqədə olmuşam, bundan sonra mütəmadi olaraq intim münasibətlərimiz davam edib. Günellə intim münasibətlərimizdən heç kimin xəbəri olmayıb. Həmin gün də arvadım və Anar yatdıqdan sonra Günellə cinsi əlaqədə olduq. Sonra Günel gedib yatdı. Bundan sonra mətbəxdə iki butulka araqla yemək yemişəm. İçdikcə arvadımın mənə qarşı münasibətindən əsəbiləşirdim və qisas almağı fikirləşirdim. Bu məqsədlə də kərpici və baltanı götürüb arvadımı, sonra isə hər biri ayrılıqda çarpayıların üzərində yatmış Anar və Güneli öldürdüm. Sonra da onlara elektrik cərəyanı verərək öldüklərinə tam əmin oldum. Əgər yarımcan olsaydılar, öldürəcəkdim".

Ekspert rəyi

İstintaq zamanı meyitlər tibbi ekspertizadan keçirilib və Günelin hadisədən əvvəl cinsi əlaqədə olması müəyyən edilməyib. Həmin məsələyə aydınlıq gətirən Yusif ifadəsində qeyd edib ki, Günel hər zaman onunla cinsi əlaqədə olub: "Bizim Günellə münasibətimiz başlayanda o, bakirə deyildi. Onun ilk dəfə kiminlə olmasını bilmirəm. Həmin gün Günellə cinsi əlaqədə olmaq istədim. Lakin razı olmadı. Mən də əsəbiləşib onları öldürdüm. Güneli mənimlə cinsi yaxınlıq etmədiyi üçün öldürdüm. Onları da Günellə cinsi əlaqədə olmağa mane olmamaları üçün öldürdüm. Həmin vaxt içkili olduğum üçün nə hərəkət etdiyimi dəqiq bilmirəm" .
Yusif sonradan istintaqa öz istəyi ilə verdiyi əlavə ifadəsində arvadını, baldızı uşaqlarını tanımadığı iki nəfərin öldürdüyünü və sonra həmin şəxslər onu zorla həmin otağa aparıb əlini meyitlərin qanına vurmasını, qanlı baltanı əlinə almasını və naqillə meyitlərin bədənlərinə elektrik cərəyanı verməsini, qana bulaşmış paltarlarını çıxarıb bir paketə qoymasını və mənzildə bir qədər gözləyib onlar gedəndən sonra səhər açılanda çıxıb rayona getməsini tələb etdiklərini, o da qorxduğu üçün onların dediklərini yerinə yetirdiyini və bu səbəbdən də paltarlarının qana bulaşdığını, həmin şəxsləri tanımadığını, onların Günelin tanışları olduğunu bildirib.
Yusif daha sonra öz xahişilə istintaqa verdiyi əlavə ifadəsində arvadını və uşaqları tanımadığı iki nəfərin öldürdüyü barədə dediklərinin yalan olduğunu bildirərək, həmin ifadəsi və istintaqa əvvəl verdiyi digər ifadələri yazılmış protokolların cırılıb atılmasını xahiş edib. O, arvadını həmin gecə onun üçün narahat yerdə yataq açdığına görə hirslənib balta ilə öldürmək üçün otağa daxil olduğunu bildirib: "Arvadımın yatdığı çarpayıda yatmış şəxsin başına yorğanın üstündən kərpiclə bir zərbə vurdum və yatağın içindən Günel dikəlib oturdu və onda arvadımı deyil Güneli vurduğumu başa düşdüm. Bundan sonra Güneli balta ilə itələdim. Həmin vaxt arvadımı və Anarı də balta ilə itələdim və təsadüfən balta onlara dəydi".
Bütün bunlar istintaq tərəfindən Yusifin Günellə intim münasibətdə olmaq istəyi olduğunu, lakin bu istəyi özündən asılı olmayan səbəbdən həyata keçirə bilmədiyinin təsdiqi kimi qiymətləndirilib. Ən nəhayət belə bir niyyəti olduğunu Yusif özü də istintaqa verdiyi ifadəsində təsdiq edib.
Belə ki, Yusif baldızı qızını öldürmə ilə hədələyərək onunla cinsi əlaqədə olmaq məqsədilə yatmış vəziyyətdə olan arvadını və baldızı oğlunu qəsdən öldürdüyünü deyib: "Həmin gün içkili olduğumdan nə etdiyimi bilmirdim. Baldızım qızı ilə cinsi əlaqədə olmaq istədim. Bunun üçün də arvadımı və Anarı öldürdüm. Bu zaman yuxudan oyanan Günel qışqırmağa başladı. Mən onu qucaqlayıb sakitləşdirmək və cinsi əlaqədə olmaq istəsəm də, razı olmadı. Onu da öldürdüm".
Anar və Günelin anası Arzu ifadəsində göstərib ki, Yusifi normal bir insan kimi tanıyıb: "Onun niyə bu hərəkəti elədiyini başa düşə bilmirəm. Mənim uşaqlarım onu, o da uşaqları çox istəyirdi. Tez-tez uşaqlar onlara gedib-gəlirdilər. Bir müddət əvvəl də bacım mənə dedi ki, Yusuf Güneli qardaşı oğluna almaq istəyir. Mən də dedim ki, qızımın hələ 22 yaşı var. Bu söhbətdən sonra həmin məsələni bir daha danışmadıq".

Məhkəmənin hökmü

Cinayət işinin istintaqı bitdikdən sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Yusifin günahı tam sübuta yetirilib və o, ömürlük olaraq azadlıqdan məhrum edilib.
Şəhriyar Əlizadə