NATO-nun ikibaşlı oyunu davam edir
NATO-nun ikibaşlı oyunu davam edir

NATO: Alyansa üzv ölkələr fərdi qaydada Azərbaycan və Ermənistana silah sata bilər

Bu qoca dünyada heç nə yeni deyil və belə "köhnə oyunlar"dan birinə NATO-nun Dağlıq Qarabağ münaqişəsinə münasibətində görürük. Belə ki Ermənistanla Azərbaycan hərbi münaqişə vəziyyətində olduğu üçün NATO bu dövlətlərə silah və texnika satışına embarqo tətbiq edir.

NATO qərargahında səfərdə olan Azərbaycan jurnalistlərinə NATO rəsmilərinin bildirdiyinə görə, alyansa üzv ölkələr fərdi qaydada hər iki ölkəyə silah satışı barədə qərar qəbul edə bilər: "Bu onların özlərindən asılıdır".
Alyans rəsmiləri hesab edirlər ki, NATO-nun Cənubi Qafqaz regionunda hərbi iştirakı bölgədə stabilliyi poza bilər.
Azərbaycan Silahlı Qüvvələrinin modernləşmə istiqamətində səylər, PARP və İPAP proqramları üzrə öhdəliklərin icrası, həmçinin Əfqanıstandakı çoxmillətli əməliyyatlara rəsmi Bakının töhfəsi NATO -da yüksək qiymətləndirilib. NATO-nun iki tərəf arasında razılaşdırılmış proqramların icrası məqsədi ilə Azərbaycan müdafiə və təhlükəsizlik sektoruna təlim və treninqlərin keçirilməsi, ekspert yardımlarının göstərilməsi və s. sahələrdə yardımlar göstərdiyi vurğulanıb. NATO həmçinin Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu (PfP Trust Fund) vasitəsi ilə Azərbaycan və Gürcüstanda demilitirizasiya - mina və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi layihələrində iştirak edir.
Siyasi Texnologiyalar və İnnovasiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, "Azərbaycan NATO üzvü olan ölkələrdən silah və hərbi texnika almaqda maraqlıdır. Dünyada heç kimə sirr deyil ki, hazırda ən qabaqcıl silahlar bu alyansa mənsub olan ölkələrdə istehsal edilir. Və Azərbaycan da Dağlıq Qarabağ problemini hərbi yolla sürətlə həll etmək üçün məhz bu ölkələrlə silah ticarətini genişləndirməlidir. Başqa çıxış yolumuz yoxdur. Bu silahları onlardan almaq üçün isə kifayət qədər pulumuz var. Ermənistanın isə bu im kanı yoxdur, borca yaşayan bir ölkədir".
Politoloq hesab edir ki, "Dağlıq Qarabağ probleminə İrəvanın, Qərbin gözü ilə baxmalı olsaq, bu problemin müharibə yolu ilə həllindən başqa bir variant görünmür. Mətbuatda ara-sıra Azərbaycan Ordusunda baş verən neqativ faktlara baxmayaraq mən bir politoloq kimi dəqiq bilirəm ki, Azərbaycan Ordusu Ermənistan Ordusundan qat-qat güclüdür. Həm əsgərlərimizin döyüş ruhuna görə, həm də ordumuzun sərəncamında olan hərbi texnikaya görə. Buna görə də hərbi arsenalımızın daha da artırılması üçün istənilən vasitələrə əl atmalıyıq".
Politoloq əlavə etdi: "Birləşmiş Ştatlardakı erməni lobbisi çox çalışırdı ki, Amerika Konqresinin Azərbaycanla bağlı qəbul etdiyi 709-cu düzəliş ləğv edilməsin. Bu düzəlişin ləğvi isə Azərbaycanın silahlanma imkanlarını daha da artırır. Mən tam əminəm ki, yaxın gələcəkdə başlayacağımız ildırımsürətli və qısa bir müharibə hesabına Dağlıq Qarabağı geri qaytaracağıq. Bunu etməsək, dünya birliyindəki mövqelərimiz tamamilə zəifləyəcək".
Azərbaycan Liberal-Demokrat Partiyasının sədri Əvəz Temirxanın fikrincə, "Mən təxmin edirəm ki, NATO istənilən formada hər hansı ölkəyə silah satmaq istəyirsə, onu özünə yaxınlaşdırmaq niyyətindədir. Mən bu fikirləri deyərkən birinci növbədə Ermənistanı nəzərdə tuturam. Azərbaycan tam şəkildə olmasa da, əsasən, qərbyönümlü siyasət yürüdür və Qərb strukturlarına inteqrasiya olunmaqdadır. Ermənistan isə, məlum olduğu kimi, tamamilə Rusiyanın nəzarətinə keçib və bu ölkənin bir quberniyasına çevrilib. Ona görə də NATO müəyyən üsullarla Ermənistanı öz tərəfinə çəkmək üçün at gedişi etməyə başlayıb".
Şakir