Füzuli Ələkbərovun qardaşı İsmayıllıda aləmi qarışdırıb
Füzuli Ələkbərovun qardaşı İsmayıllıda aləmi qarışdırıb

Rayonun icra başçısının "kadr islahatı" kəndlərdə problem yaradıb

Yerli icra hakimiyyəti orqanlarında inzibati vəzifə tutan orta təhsilli dövlət qulluqçularının kütləvi ixtisarı ölkənin bir sıra rayonlarında ciddi problemlər yaradıb. Prezident Administrasiyasının müvafiq sərəncamı əsasında həyata keçirilən kadr islahatı başa çatsa da, işdən çıxarılan icra nümayəndələrinin yerinə təyinatların aparılmaması və sonradan yaradılan süni maneələr İsmayıllı rayonunda da sakinlərin işini əməlli-başlı cəncələ salıb. Xüsusən də İsmayıllı rayonunda dağ kəndlərində yaşayan sakinlər.

Belə ki, rayon mərkəzi ilə mütəmadi əlaqə saxlamaq imkanı olmayan kəndlilər icra nümayəndələrinin yoxluğundan əziyyət çəkərək müəyyən problemlər qarşısında qalırlar. Sakinlərin bildirdiyinə görə, onlar müvafiq sənəd və arayış almaq istəsələr də ərazi icra nümayəndələrini tapa bilmirlər. Ucqar kəndlərdə yaşayan sakinlərin sözlərinə görə, lazımı sənədlərini həll etmək üçün onlar məcburi şəkildə rayon mərkəzinə getməli olurlar.
Daha doğrusu, sözügedən problemin kökündə kəndlərdə fəaliyyət göstərən əksər icra nümayəndəlikləri vəzifələrinin boş olması göstərilir. Sakinlərin bildirdiyinə görə, icra nümayəndələrinin boş qalan yerlərinə qoyulan "ağır" tələblər problemin hələ uzun müddət davam edəcəyindən xəbər verir.
modern.az-ın əməkdaşı İsmayıllı rayon icra hakimiyyəti ilə əlaqə saxlayaraq sakinlərin problemləri ilə bağlı münasibət öyrənib. İcra strukturundan bildirilib ki, icra nümayəndələrinin işdən çıxarılmasından sonra bəzi yerlər hələ də vakant olaraq qalır. "Doğrudur icra nümayəndələri yerlərinə bir neçə təyinat aparılsa da bəzi yerlər hələ də boş qalır. Amma hesab edirəm ki, problem sakinlərin dedikləri qədər ciddi deyil", - deyə icra hakimiyyətindən bildirilib.
Qeyd edək ki, Prezident Administrasiyasının müvafiq sərəncamı ilə İsmayıllı rayonunda 52 icra nümayəndəsi işdən azad edilmişdi. Belə ki, təkcə İsmayıllıda deyil, ümumilikdə Azərbaycanda 2001-ci ildən sonra yerli icra hakimiyyəti orqanlarında inzibati vəzifəyə təyin olunan orta təhsilli dövlət qulluqçularının hamısının dövlət qulluğuna xitam verilib. Kadr dəyişikliyi bu ilin iyununda "Yerli icra hakimiyyəti orqanları haqqında Əsasnamə"yə edilən əlavə və dəyişikliklərə uyğun həyata keçirilib.
İxtisara düşən icra nümayəndələrinin və müavinlərin boş qalan yerlərinə hələ ki təyinat aparılmayıb. Həmin vəzifələrə ali təhsilli şəxslərin qəbulu müsabiqə yolu ilə həyata keçiriləcək.
Qeyd edək ki, İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı Nizami Ələkbərov əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşıdır.
Həsən Əli