“Dövlət başçısının yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalaması Prezident İlham Əliyevin hər bir məsələyə diqqətlə yanaşmasının göstəricisidir”.

Bu sözləri Unikal.org-a açıqlamasında Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.  T. Mirkişili qeyd edib ki, sərəncama əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulub. 

T. Mirkişili vurğulayıb ki, dövlət başçısının belə bir sərəncam imzalaması Azərbaycan dövlətinin vətəndaşların sağlamlığı üçün fədakarlıq göstərən həkimlərin fəaliyyətini yüksək qiymətləndirməsinin bariz nümunəsidir: “ Ümumiyyətlə, bu virus dünyada yayılandan Azərbaycan öz vətəndaşlarını qorumaq üçün  operativ olaraq qabaqlayıcı tədbirlər həyata keçirməyə başladı və bu tədbirlər hazırda da hökumət tərəfindən davam etdirilir. Vəziyyət tam nəzarətdədir.”

Murad İbrahimov