“Bu sərəncam və Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizəsində atılan addımlar bir gündə 200 tənəffüs aparatının gətirilməsi, karantin müəssisələrinin qısa müddət ərzində formalaşdırılması həqiqətən də əhalinin sağlamlığına verilən böyük bir qiymətin göstəricisidir”.

Bu sözləri Unikal.org-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamı hər şeydən öncə dövlət başçısı tərəfindən səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir: “Xüsusən də bu sahədə çalışan tibb işçilərinin fəaliyyətinə bu cür yüksək qiymətin verilməsi və onların əməyinin dəyərləndirilməsi dövlətin göstərdiyi qayğı həqiqətən də tibb işçilərinin fəaliyyətlərinə verilmiş çox yüksək bir qiymətdir. Və bu fəaliyyətin daha da stimullaşdırılmasına xidmət edir".

M. Məmmədli vurğulayıb ki, TƏBİB-in yaradılmasından sonrakı addımlar xarakterik olan bir dövrə təsadüf edir: “Bu dövrdə yeni tibb müəssisələrinin formalaşdırılması və yeni idarəetmə modelinə keçilməsi, o cümlədən dövlətin, cənab Prezidentin verdiyi bu dəstək tibb işçilərinin daha da ruhlandırır. Ölkə başçısının bu addımı ilə tibb işçilərinin koronavirus epidemiyasına qarşı mübarizədə göstərdikləri fədakarlığının maddi təminatı dövlət tərəfindən güvəncə alınmışdır. Bu güvənc nəticəsində ezam olunmuş tibb işçiləri xüsusi rejimdə işləyən xəstəxanalarda daha da stimullaşdırıcı fəaliyyət göstərəcəklər. Prezidentin sərəncamı həm də xəstəliyə qarşı önləyici tədbirləri motivasiya edən addım kimi də qiymətləndirilə bilər.

İnanırıq ki, səhiyyə sistemimizin planlaşdırığı “B” və “C” planlarına ehtiyac olmadan  qabaqlayıcı tədbirlər nəticəsində bu sınaqdan da üzüağ çıxacağıq”.

Gülayə Məcid