Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün Azərbaycan Respublikasının Mərkəzi Bankında və Azərbaycan Beynəlxalq Bankında açılmış müvafiq hesablara könüllü ödənişlərin və ianələrin sayı artmaqdadır.

Mərkəzi Bankdan Unikal.org-a verilən məlumata görə, həyata keçirilən ödənişlərin kütləviliyini və intensivliyini, ayrı-ayrı fiziki və hüquqi şəxslərin müraciətlərini, habelə ölkədə məhdudlaşdırılmış iş rejiminin tətbiqi məsələlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kütləvi ödənişlərin mərkəzləşdirilmiş qaydada qəbulunun təşkili üçün yaradılmış “Hökumət Ödəniş Portalı”nda qeyd olunan hesablara vəsaitlərin köçürülməsi imkanlarının və üsullarının genişləndirilməsi və asanlaşdırılması məqsədilə xüsusi funksionallıq və mexanizm yaradılmışdır.

İctimaiyyətin diqqətinə çatdırırıq ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində həmin hesablara vəsaitlərini köçürə bilərlər.

Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankında və Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin rəsmi internet səhifəsində (www.cabmin.gov.az) yerləşdirilmişdir.