Abid Şərifovun "mina biznesi" niyə çiçəklənmədi?
Abid Şərifovun "mina biznesi" niyə çiçəklənmədi?

Baş nazirin ilyarım əvvəlki təklifinin arxivə gömülməsinin sirri…

Təxminən ilyarım əvvəl baş nazirin müavini Abid Şərifov bir açıqlaması vardı, hafizəli oxucularımız yəqin xatırlayarlar: "Bakının dörd bir yanı minalanıb". Vitse-premyerin bu sözləri həmin vaxt mətbuatın müzakirə obyektinə çevrilmişdi.

Münasibətlər fərqli idi : bəziləri baş nazir müavini, eyni zamanda Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifovun indiyə qədər bu mövzuda açıqlama verməməsinin, birdən-birə elə bir iddia ortaya atmasının təəccüblü olmasından danışır, bəziləri də bunu Şərifovun NATO-dan iri məbləğli qrant almaq istəyi ilə izah edirdilər.
Məsələ burasındadır ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məhz baş nazir müavininin nəzarətindədir; mətbuatda davamlı şəkildə Milli Agentliyə ayrılan qrantların və digər maliyyə vəsaitlərinin qeyri-şəffaf xərclənməsi ilə bağlı iddialar ortaya atılır, hər dəfə də həmin iddiaların baş hədəfi kimi Abid Şərifov göstərilirdi. Bu mənada baş nazir müavininin Bakının dörd bir tərəfdən minalandığına dair iddia ortaya atıb, həmin minaların təmizlənməsi adı ilə iri məbləğdə qrant almaq istəməsi tamamilə ağlabatan, bəlkə də yeganə real variant idi.
Maraq üçün onu da xatırladaq ki, elə həmin vaxt da baş nazir müavini Abid Şərifovun Bakıətrafı minalar barədə dedikləri mediada və müstəqil ekspertlərdə qıcıq və etiraz doğurmuşdu. Onların sözlərinə görə, SSRİ dönəmində Bakı ətrafı ərazilərdə müəyyən silah-sursat anbarları olsa da, minalanmış ərazilər yoxdur. "Sovet vaxtında Abşeron ərazisində müxtəlif silah anbarları olub və həmin anbarlar SSRİ dağıldıqdan sonra normal qaydada Azərbaycan hökumətinə təhvil verilib. Yəni bu gün o anbarların yerləri bəllidir və nəzarət altındadır. İnanılan deyil ki, Sovet ordusu Bakını tərk edərkən əraziləri minalasın" - deyə müstəqil hərbi ekspertlər vurğulayırdılar. Onların sözlərinə görə, Şərifovun açıqlamasının arxasında nəhəng qrant layihəsi qazanmaq və sonra da həmin iri pulların silinməsinə hazırlıq məqsədi dayanırdı.
Aradan hardasa ilyarıma yaxın bir müddət keçməsinə rəğmən Bakıətrafı minalar mövzusu bir daha açılmadı. Nə belə bir iddianın doğruluğuna dair hansısa fakt ortaya qoyuldu, nə də bu minaların təmizlənməsinə dair hansısa qrant layihəsi ayrıldığı barədə bilgi var. Ən azı bizim internet üzərindən araşdırmalarımız və əlaqə saxladığımız bəzi müstəqil hərbi ekspertlərin söylədikləri belə düşünməyə əsas verir. O da maraqlıdır ki, sonradan heç Abid Şərifovun özü də həmin mövzunun üzərinə qayıtmadı, bir sözlə mövzu necə açılmışdısa, eləcə də qapandı.
Bəs bunun səbəbi nə ola bilərdi? Mövzu ilə bağlı söhbətləşdiyimiz adının çəkilməsini istəməyən hərbi ekspert də deyir ki, Abid Şərifovun dediklərinin üzərinə bir daha qayıtmaması və olduqca ciddi bir iddianın qeyri-ciddi şəkildəcə unudulması onun başından bəri həqiqəti əks etdirmədiyinə dair müstəqil media və ekspertlərin dediklərini təsdiqləyir: "Bu bir daha göstərir ki, əslində vitse-premyer nəbz yoxlaması ilə məşğul olub və onun ya yerli-dibli əsası olmayan, ya da çox şişirdərək söylədiyi Bakıətrafı mina məsələsi hansısa qrant layihəsinə hesablanıbmış".
Həmsöhbətimizin fikrincə, sonradan varlığı iddia edilən minaların təmizlənməsinə dair NATO və yaxud digər əlaqədar beynəlxalq qurumla hər hansı qrant müqaviləsinin imzalanmaması da deyilənlərin sübutudur: "Fikrimcə, Abid Şərifovun dedikləri ya lap əvvəldən inandırıcı qəbul olunmayıb, ya da sonradan müvafiq araşdırmalar aparılıb və onun söylədikləri real təsdiqini tapmayıb, nəticədə də bu mövzu qapadılıb".

Həsən Əli