Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva koronavirus pandemiyasının atmosfer havasının keyfiyyətinə təsir məsələsinə münasibət bildirib.

Unikal.org xəbər verir ki, U.Tağıyeva bu gün avtomobillərin sayının azalması nəticəsində paytaxtda havanın keyfiyyətinin nəzərəçarpacaq dərəcədə təmizləndiyini deyib.

O qeyd edib ki, belə nəticələr digər ölkələrdə də qeydə alınıb:

“Bu, bir daha belə sadə fikri təsdiq edir ki, zərərli tullantıların atmosferə atılmasının azaldılması havanın təmizlənməsi ilə nəticələnir”.

Departament direktoru xatırladıb ki, həmişə atmosferə atılan tullantıların azaldılması ilə bağlı çağırışlar edilib:“İstər nəqliyyatdan və ya sənaye müəssisələrindən atılan tullantı qazları, istərsə də müasir təmizləyici qurğulardan istifadə etməyən ictimai-iaşə obyektləri olsun. Nazirlik bu istiqamətdə fəal təbliğat işləri aparır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “avtomobilsiz bazar günü” devizi altında keçirilən aksiya buna bariz nümunədir”.