Siyavuş Novruzovdan müxalifətə ittiham: "Partiya liderləri hər şeyi mənimsəyiblər"
Siyavuş Novruzovdan müxalifətə ittiham: "Partiya liderləri hər şeyi mənimsəyiblər"

"İsa Qəmbərin müavinləri başqa partiyalara qoşulurlar. Çünki onlar görürlər ki, bu adamlar partiyalarını qabağa apara bilmirlər, əksinə geri gedirlər" Bu barədə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hakim partiyanın saytına verdiyi müsahibəsində bildirib.
Təmsil etdiyi partiyanın sürətlə inkişaf etdiyini deyən S.Novruzov müxalifət partiyalarının hələ də geridə qaldığını vurğulayıb. YAP-çı deputatın sözlərinə görə, müxalifət düşərgəsində gəncələr irəli getmək üçün şərait yaradılmır.
"Yaranandan bir neçə nəfər partiya rəhbərliyini ələ keçiriblər, partiyanı da inkişafa qoymurlar. Ona görə də, tənəzzülə uğrayıblar. Tutaq ki, götürək Azərbaycan Xalq Cəbhəsi Partiyasını. Tərkibindən 8 dənə partiya yaranıb. Elçibəyin müavinlərinin hərəsi özünə bir partiya yaradıb. O cümlədən, Müsavat Partiyası. İsa Qəmbərin müavinləri başqa partiyalara qoşulurlar. Çünki onlar görürlər ki, bu adamlar partiyalarını qabağa apara bilmirlər, əksinə geri gedirlər. Bu partiyalara niyə yeni üzvlər qəbul olunmurlar? Çünki bu partiyaların liderləri hər şeyi mənimsəyiblər. Gənclərə meydan verilmir, insanlara fəaliyyət şəraiti yaradılmır. Parlament seçkilərində, bələdiyyə seçkilərində biz bunu dəfələrlə müşahidə etmişik. Bələdiyyə seçkilərində bizim irəli sürdüyümüz namizədlərin təxminən 30 faizi gənclər idi, 20 faizdən çoxu qadınlar idi. O cümlədən, parlament seçkilərində də, həmçinin, bu insanlara şans verməyə çalışırıq. Amma müxalifət partiyalarının fəaliyyətində biz bunu müşahidə etmirik. Neçə illərdir namizədliyini irəli sürüb, məğlub olan adamlar iddialarından əl çəkmirlər. Halbuki, onlar kənara çəkilib yeni nəslə şans verməlidir ki, inkişaf olsun", -deyə S.Novruzov müxalifəti tənqid edib.
S.Novruzov bildirib ki, Azərbaycanın hakim partiyası prezident seçkilərində imza toplayacaq şəxslərin siyahısını hazırlayır.
"Biz onlar üçün kurslar təşkil edirik. Eyni zamanda, müşahidəçilərimiz olacaq şəxslərlə bağlı təhlillərimizi aparırıq" deyən YAP rəsmisinin sözlərinə görə, hakim partiya seçkilərə bir il qalmış bütün fəaliyyətini tamamilə seçkiyə yönəldir.
"Seçkilərə bir il qalmış yerlərdə bütün rayon təşkilatlarının konfransları keçirilir, hesabatlar qəbul olunur, rayon təşkilatlarının fəaliyyəti sərf-nəzər olunur. Harada görürük ki, sədrlər Yeni Azərbaycan Partiyasının seçkilərdə aparacağı işə cavab vermir, orada dəyişikliklər aparılır, bəziləri isə artıq müəyyən yaşa çatdığından öz istəyi ilə sədrlik vəzifəsindən istefa verir, həmin təşkilatlarda yeni heyət seçilir".