"Azəriqaz" ifşa edildi
"Azəriqaz" ifşa edildi
Əkbər Hacıyev və işçilərinin "arqument"i alt-üst edildi, ortada sensasion iddialar var

Hər il soyuq aylarda Bakıda məişət qazından sızmasından ölüm halları artır. Qaz sızması nəticəsində partlayışlar dağıdıcı nəticələrə səbəb olur, insanlar həlak olur, ailələr yaşayış yerindən məhrum olurlar. Bitib-tükənmək bilməyən qaz sızmalarının səbəbi nədir?
Bu suala cavab verəcəyik. Daha doğrusu, ekspert vasitəsi ilə cavab tapmağa çalışacağıq. Amma bəri başdan qeyd edək ki, Əkbər Hacıyevin rəhbərlik etdiyi "Azəriqaz" İstehsalat Birliyii bir qayda olaraq qaz sızmalarını, dəm qazından ölümləri vətəndaşların öz məsuliyyətsizliyi ilə izah etməyə çalışır. Yəni yaşananların məsuliyyətini öz üzərindən atmaqla məşğuldur.
Ancaq uzun illər Bakı Qaz İstismarı İdarəsinin rəisi olmuş Nüsrət Qasımovun son açıqlamaları vəziyyətin heç də Əkbər Hacıyev və işçilərinin qeyd etdiyi kimi olmadığını göz önünə sərib. Gəlin əvvəlcə bu sahəyə və "Azəriqaz"ın fəaliyyətinə yaxşı bələd olan Qasımovun anış olaq.
Onun sözlərinə görə, qaz qurğuları və təbii qazın istismarı kimi çətin və məsuliyyətli işlə peşəkar mütəxəssislər məşğul olmalıdırlar: "Belə məsuliyyətli işi diletantlara tapşırmaq olmaz. Amma qaz istismarının "Azəriqaz" QSC-dən alınıb, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə verilməsi ilə bu sahədən uzaq adamlar işə cəlb olunublar. Nəticədə Bakı sakinlərinin həyatına və əmlakına zərər vurur. Nəzarətsizlikdən istifadə edən sakinlər qaz şəbəbəkəsindən özbaşına dəyişikliklər edirlər, ora rezin borular salırlar və bu, mənzilə qaz sızmasına səbəb olur. Qaz təsərrüfatına nəzarət yalnız "Azəriqaz"ın əlində olmalıdır. 2009-cu ildə onun ləğvinədək bu cəmiyyət mənzillərdə qaz sistemini yoxlayırdı, qeyri-qanuni qurğuların quraşdırılmasını qadağan edirdi, ventilyasiya şaxtalarına toxunmamağı tələb edirdi. Bu struktur ARDNŞ-lə birləşəndən sonra həmin işlər aparılmır".
O, daha sonra bildirib: "Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da metandan istifadə olunur. Məsələ bundadır ki, istehlakçılar heç də həmişə zavod şəraitində təmizlənmiş qaz ala bilmirlər. Təəssüf ki, bəzən bizdə birbaşa yataqlardan qaz borularına təmzilənməmiş səmt qazı doldururlar, sanki, südə su qatırsan. Bu, təhlükəlidir. Təmizlənməmiş qazın verilməsi Xəzər, Səbayil və Binəqədi rayonlarında müşahidə oluna bilər. Neft quyularından hasil olunan səmt qazında metanın həcmi 30-69 faiz civarındadır. Əgər quyudan hasil olunan qazı adi qaza əlavə etsək, alınan qarışıq tam yanmır, havaya dəm qazı buraxılır. Bu isə, insan üçün daha təhlükəlidir, o, insan orqanizmindəki oksigenlə birləşərək, zəhərlənməyə səbəb olur. 7-30 dəqiqə kifayətdir ki, bu qarışığı udan adam həyatla vidalaşsın".
"Azəriqaz"ın indiki rəhbərliyinin baş verən faciələrdə sakinlərin özlərini günahlandırmasına gəlincə, ekspert bildirib: "Belə şəraitdə "günah öləndədir" demək asandır, amma bu ədalətsizdir axı. Əslində, yaxşı olardı ki, ARDNŞ insan ölümünə, mənzillərdəki partlayış və yanğınlara görə günahı öz işində axtarsın. Məndə dəqiq informasiya yoxdur, amma Səhiyyə Nazirliyinin məlumatına görə, qaz şəbəkəsinin istismarındakı pozuntulara görə Bakıda üç minə yaxın insan dünyasını dəyişib. Baş verənlərin əsas günahkarı ARDNŞ-in qaz istismarı şöbəsi işçilərinin məsuliyyətsizliyi, qeyri-peşəkarlığı və səhlənkarlığıdır".
Hesab edirik ki, Nüsrət Qasımovun söylədikləri kifayət qədər ciddi, az qala sensasion məzmunda iddialardır və normal ölkədə bu iddialar geniş hay-küy, rezonans yaratmalı idi. İddialardan göründüyü kimi, dəm qazından ölümlərin artmasının ən başlıca səbəblərindən biri "Azəriqaz" ASC-nin ləğvi və onun İstehsalat Birliyi statusunda ARDNŞ-in tərkibinə daxil edilməsidir. Açıq şəkildə görünür ki, həmin addım qaz istismar sektorunda qeyri-peşəkarlığın önünün açılmasına gətirib çıxarıb və bunun bədəlini ölkə vətəndaşları həyatı bahasına ödəmək məcburiyyətində qalıb.
İkinci mühüm məqam: "Azəriqaz" rəhbərliyi daim iddia edir ki, əhaliyə verilən qazın tərkibi keyfiyyətlidir, dəm qazından boğulmalarda qazın tərkibinin keyfiyyətsizliyi heç bir rol oynamır. Amma bu sahəyə yaxşı bələd olan ekspertin dediklərindən də bunun tam tərsi agah olur. Məlum olur ki, bizdə birbaşa yataqlardan qaz borularına təmzilənməmiş səmt qazı doldururlar, sanki, südə su qatırsan.
Əlavə şərhə ehtiyac yoxdur. Artıq "Azəriqaz" rəhbərliyinin əssasız arqumentlər gətirərək ölkəni başına götürən "dəm qazı genosidi"nin məsuliyyətini hər hansı şəkildə üzərindən atması mümkün deyil. Amma yenə də Əkbər Hacıyevin və işçilərinin ortadakı bu ciddi iddialara münasibəti maraq doğurur. Həm də nəzərə alsaq ki, bu iddiaları hansısa qeyri-peşəkar yox, qaz istismarı sahəsində dərin təcrübəsi olan, uzun illər bu sahədə yüksək vəzifə tutmuş şəxs irəli sürür, o zaman "Azəriqaz" İstehsalat Birliyinin deyilənlərlə bağlı mövqe sərgiləməsi qaçılmazdır.
Əks halda susmaq - razılıq əlaməti kimi qəbul olunacaq.
Ülviyyə Qasımlı