Səfər Əbiyevlə bağlı sensasion müraciət hazırlanır
Səfər Əbiyevlə bağlı sensasion müraciət hazırlanır
Bir qrup hərbçi müdafiə nazirinə qarşı yeni cəbhə açacaq

Bu günlərdə ehtiyatda və xidmətdə olan yüksək rütbəli bir qrup hərbi qulluqçu Səfər Əbiyevlə bağlı ölkə rəhbərliyinə müraciət etməyi planlaşdırır. Bu barədə müstəqil hərbi ekspertlərdən birindən məlumat almışıq. Məlumata görə müraciətdə Əbiyevin ordu sistemində islahatlar aparmaq gücündə olmadığı və onun əvəzlənməsi üçün məqamın yetişdiyi vurğulanacaq.
Müstəqil hərbi ekspert iddia edir ki, bu müraciət müdafiə nazirinin siyasi karyerasına son qoya bilər. Məsələ burasındadır ki, hökumət 2013-cü il seçkisi öncəsi ordu daxilində fikir ayrılıqlarının, ziddiyyətlərin, münaqişələrin inkişafında maraqlı deyil və bu o deməkdir ki, ordunun hzırki rəhbərliyinə qarşı hansısa ciddi tədbirlərin görülməsi ehtimalı yetərincə güclüdür.
Hesab olunur ki, Səfər Əbiyev də belə bir ehtimalın ciddiliyini nəzərə alaraq, ordu sistemində yeni təmizlik əməliyyatlarına start verib. Bunun əyani təsdiqi isə bu günlərdə müdafiə nazirinin əmri ilə Mərkəzi Hərbi Klinik Hospitalın rəisi, tibb xidməti polkovniki Asif Qurbanov və hospitalın daha bir neçə əməkdaşının tutduqları
vəzifədən uzaqlaşdırılması göstərilir. Asif Qurbanov sərəncama göndərilib. Hazırda hospitalın rəisi vəzifəsini polkovnik Şahlar Quliyev icra edir.
Xatırladaq ki, bir neçə ay bundan öncə Müdafiə Nazirliyi Hərbi Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Məcid Məsimov da vəzifəsindən çıxarılıb. Onun yerinə Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi polkovnik Natiq Əliyev təyin olunub.
Düzdür, ordu rəhərliyinə yaxın mənbələr hesab edirlər ki, bu addımların əsas səbəbi Silahlı Qüvvələrdə tibbi təminatın lazımi səviyyədə olmaması, bir çox hallarda tibbi personalın səhlənkarlığıdır. Ona görə də orda hansısa başqa motiv axtarmaq yersizdir.
Amma müstəqil hərbi ekspertlərin versiyası tamam başqadır. Onların fikrincə, burada söhbət Müdafiə Nazirliyində mövcud olan qruplararası mübarizə və Səfər Əbiyevin öz əleyhdarlarını zərərsizləşdirməsi siyasətindən getməlidir. Bu ekspertlərin rəylərinə görə, son illərdə Müdafiə Nazirliyinin rəhbərliyində - xüsusilə də müdafiə naziri Səfər Əbiyevlə Silahlı Qüvvələrin baş qərargah rəisi Nəcməddin Sadıxov arasında baş verən qarşıdurma yüksək rütbəli hərbi qulluqçuların bu və digər "cəbhə"yə aid olması məcburiyyətini yaradıb. Bəzi məlumatlara inansaq bu "mənsubolma" prosesi demək olar ki, nazirliyin hər bir kabinetində hiss olunur.
Son illərdə isə Müdafiə Nazirliyində anti Əbiyev əhval-ruhiyyəsi güclənib və qeyri-rəsmi üstünlük N.Sadıxov tərəfdarlarına keçib. Həmçinin o da qeyd olunmalıdır ki,
ölkənin siyasi hakimiyyətində mövqe tutan qruplardan əksəriyyəti məhz Sadıxov komandasına "stavka" edirlər və vəziyyətin belə cərəyan etməsi nazir Əbiyev və onun komandasına daxil olan yüksək rütbəli zabitləri narahat etməyə bilməz.
Odur ki, müdafiə nazirinin elə bir "təmizləmə əməliyyatı"na start verməsi yetərincə yüksək ehtimal kimi qiymətləndirilir. Müstəqil hərbi ekspert rəylərindən açıq görünür ki, müdafiə nazirinin bu taktikadan vəzifədə olduğu 17 ildən artıq müddətdə dəfələrlə istifadə edib. Amma o da bildirilir ki, müdafiə naziri üçün hazırkı prosesləri tamamilə dayandırmaq çox çətin olacaq, çünki bu proseslər eyni zamanda ən yuxarı çevrələrdə də dəstəklənir.
Eyni zamanda Silahlı Qüvvələrdə rəhbər vəzifələrdə olan zabitlərin əksəriyyəti ordu idarəetməsində ciddi dəyişikliklərin tərəfdarı kimi çıxış edirlər. Bu isə Əbiyevin işini daha da mürəkkəbləşdirir.
Bir sözlə, Əbiyev ətrafında kiçik bir pauzadan sonra proseslərin yenidən canlandığı hiss olunur. Ən maraqlısı isə bu dəfə başlayacaq proseslərin anti-Əbiyevçi qüvvələrin xeyrinə bitmə ehtimalı əvvəlkilərdən yüksək dəyərləndirilir.

Azər Aslan