Tovuz rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları aprelin 4-də gecə saatlarında törədilən qətlin üstünü açıblar.

Unikal.org xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edək ki, aprelin 5-də səhər saatlarında Tovuzda yol kənarında iki bıçaq yarası almış Mehdiyev Elnur Valeh oğlunun (1991-ci il təvəllüdlü) cəsədi tapılıb. İlkin olaraq kişinin əvvəllər avtomobil oğurluğu və qaçırılmasına görə, dəfələrlə məhkum olunduğu müəyyən edilib.

Eyni zamanda, polisə oğurluq cəhdi ilə bağlı şikayət də daxil olub. Şikayəti naməlum şəxsin hasarın üstündən tullanaraq, fərdi yaşayış evinin həyətindəki mağazaya girdiyini bildirən Sultanov Aftandil Mahir oğlu (1984-cü il təvəllüdlü) edib.

Oğrunu öz evinin pəncərəsindən görən obyekt sahibi mağazaya tələsib və ona planını sonuna qədər yerinə yetirməsinə əngəl olub. Oğru qaçıb. Zərərçəkən oğurluq etmək istəyən şəxsi təsvir edə bilməyib. O, mağazanın içərisində qaranlıq olduğunu və buna görə onu görə bilmədiyini söyləyib.

Qətl faktı ilə bağlı yaradılan istintaq-əməliyyat qrupunun üzvləri E.Mehdiyevin küçə davası nəticəsində bıçaqlandığını ehtimal ediblər.

Ancaq bir qədər sonra cinayəti araşdıran əməliyyatçılar A.Sultanovun mağazasında quraşdırılmış müşahidə kamerasına baxmaq qərarına gəliblər. Beləliklə, ticarət obyektinə oğurluğa girən şəxsin E.Mehdiyev olduğu ortaya çıxıb.

Cinayətin üstü açılıb. A.Sultanov oğru ilə əlbəyaxa olduqlarını desə də, ona iki dəfə bıçaq zərbəsini necə vurduğunu anlamadığını söyləyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, mağaza sahibi lazımi özünümüdafiə həddini aşıb.

Faktla bağlı istintaqı rayon prokurorluğu aparır.