Leyla Əliyevanın sərgisi rekord qırdı
Leyla Əliyevanın sərgisi rekord qırdı

Heydər Əliyev Fondunun Azərbaycanın Almaniyadakı səfirliyi və "Bakı" jurnalı ilə birgə əməkdaşlıq çərçivəsində Berlində təşkil etdiyi "Bakıya uçuş" sərgisi müvəffəqiyyətlə davam edir.
Xatırladaq ki, sərgi noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən açılıb.
Berlinin məşhur "me Collectors Room" qalereyasında keçirilən və müasir Azərbaycan incəsənətinin nümunələrini əks etdirən bu sərgi Almaniya paytaxtında sənətsevərlər arasında böyük maraq doğurmuşdur. Müasir Azərbaycan incəsənətinin nümunələri ilə tanış olmaq üçün qalereyanı yalnız açılış günü deyil, sonrakı günlərdə də çoxsaylı insan ziyarət ediblər.
Qalereya rəhbərliyinin məlumatına görə, "Bakıya uçuş" "me Collectors Room"un indiyədək keçirdiyi sərgilər arasında ən çox ziyarətçisi cəlb edən sərgisi hesab olunur. Aparılmış müşahidələr zamanı sərgiyə hər gün 300-ə yaxın ziyarətçinin gəldiyi müəyyən edilib. Bildirilib ki, bu, Berlində müasir incəsənət sahəsində bir qalereyada keçirilən xarici sərgi üçün çox yüksək göstəricidir.Almaniya mediası da "Bakıya uçuş" sərgisinə böyük diqqət göstərir.
Sərgi noyabrın 17-dək davam edəcək.