Hazırda Abşeronda koronavirus (COVİD-19) infeksiyası ilə bağlı epidemioloji durum ciddi nəzarət altında saxlanılmaqla yanaşı önləyici, profilaktik tədbirlər də təxirəsalmadan həyata keçirilir.

Unikal.org xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tərtib etdiyi qrafik əsasında Gigiyena və Epidemiologiya Mərkəzinin və Mənzil-kommunal İstismar Sahələrinin əməkdaşları tərəfindən bu gün də Xırdalan şəhəri də daxil olmaqla, rayonun Mehdiabad qəsəbəsi və Masazır kəndində geniş dezinfeksiya tədbirləri görülüb. Sözügedən ərazilərdəki küçə və prospektlər, binaların həyətləri, bloklar, məhəccərlər, dayanacaqlar, o cümlədən, fərdi yaşayış evlərinin ətrafları dezinfeksiya olunub. 
Abşeron rayonu ərazisində həyata keçirilən “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya bu gün də uğurla davam etdirilib. Belə ki, qərargaha 10 çağırış edilib. Yaşı 65-dən yuxarı olan sakinlər dərman vasitələrinin, ərzaq məhsullarının alınıb verilməsini və digər sosial xidmətlərin göstərilməsini xahiş edib. Onların hər birinin yaşadığı ünvana gedilərək lazimi xidmətlərlə təmin edilib. Bununla da sosial xidmət göstərilən ahılların ümumi sayı 116-a çatıb.  
Qeyd edək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə başlanan sözügedən aksiya ilə əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadənin birgə təşkilatçılığı ilə “könüllü qərargahı” yaradılıb. Qərargahın yaradılmasında əsas məqsəd Abşeron rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir. 
Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)
#böyüklərimiziqoruyaq #Covid19 #coronavirus #koronavirus #evdəqal #birkönüllü