Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev koronavirusa görə yaşı 65-dən çox olan məhkumların azadlığa buraxılması ilə bağlı sərəncam imzalayıb. 

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa Unikal.org-a açıqlamasında deyib ki, yaşı 65-i ötmüş insanların azadlığa buraxılması müsbət tendesiyadir, çünki həyati risk onlarla bağlıdır. Millət vəkili bildirib, Prezidentin koronavirusla mübarizə dövründə belə bir addımı atması olduqca diqqətçəkici bir həssaslıqdır:

“Bu sərəncam onu göstərir ki, Prezident təkcə azadlıqda olanların yox, azadlıdan məhrum olan insanların da problemini diqqətdə saxlayır. Hesab edirəm ki, bu proses davam etməlidir. Ümumiyyətlə, azadlıqdanməhrumetmə cəzası bizdə faiq etibarı ilə çox verilir. Alternativ cəzaların sayı məhkəmə praktikasında xeyli azdır. Eyni zamanda, bəraət hökmlərinin faizi aşağıdır. Prezident məhkəmə-hüquq islahatları ilə bağlı böyük miqyasda adımlar atılsa da, məhkəmələr buna hazır deyillər, bir çox hallarda köhnə praktika davam etməkdədir. Ona görə də bu cəza ilə həbsxanalarda olan şəxslərin müəyyən qismini əfv edərək azadlığa buraxmaq lazımdır. Çünki əsassız həbs olunan insanların sayı kifayət qədərdi. Bu mənada, Prezidentin indiki məqamda əfv sərəncamı imzalaması olduqca ciddi bir humanist mahiyyət daşıyır və biz bu addımı dəstələyirik”.
 

Elvin Rüstəmov