“Azərbaycan dövləti koronavirus pandemiyasını nəzarətdə saxlamaq və bu dövrdən az itki ilə çıxmaq məqsədi ilə bütün zəruri preventiv və profilaktik tədbirləri həyata keçirməkdədir”.

Bunu Unikal.org-a açıqlamasında millət vəkili Cavid Osmanov bildirib. Onun sözlərinə görə, hələ virusun yayılma prosesi başlayan ilk gündən ölkə başçısı tərəfindən vətəndaşların sağlamlıqlarının qorunması, virusdan yoluxma hallarının minimuma endirilməsi istiqamətində vacib və təxirəsalınmaz tədbirlər planı həyata keçirilir:

“Bu gün cənab Prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamı imzalandı. Bu sərəncamla 176 nəfər 65 yaşdan yuxarı olan məhkum cəzasının çəkilməyən hissəsindən azad olundu. Bu, koronavirus pandemiyasının dünyaya yayıldığı bir vaxtda Azərbaycan dövlətinin bu günə kimi gördüyü işlərin məntiqi davamıdır. Xalqımızın milli dəyərlərindən biri də odur ki, insanlar əfv olunsun, həmrəylik nümayiş olunsun. Cənab Prezidentimizin bu sərəncamı insanların əfvi ilə bağlıdır. Budəfəki sərəncam humanizm siyasətinin əyani sübutudur. Bundan öncə də ölkə başçısı 200 məhkumu azadlığa buraxmışdı. İndiki əfvlə 400 nəfər öz doğmalarına qovuşdu. Dövlət başçısı tərəfindən koronavirusla mübarizə üçün ciddi tədbirlər görür. Bu addımlar nəticəsində Azərbaycan bu pandemiyadan ən az zərər görən dövlətlərdən biri olacaq”.

Famil Fərhadoğlu