Ölkədə koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Nizami rayonu ərazisində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə profilaktik tədbirlər davam etdirilir.

Unikal.org xəbər verir ki, rayon ərazisində gündəlik olaraq küçə və prospektlərdə, parklarda, məhəllədaxili yollarda, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, ödəniş terminalları və bankomatlar, yaşayış binalarının həyətləri, blokları, pılləkən qəfəsələri, lift kabinələri, məişət tullantıları konteynerləri zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya olunur.
Bundan əlavə, Rayon İcra Hakimiyyətində yaradılan mobil qruplar hər gün sakinlərlə maarifləndirici söhbətlər aparır, koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları, eyni zamanda xüsusi karantin rejiminin tələblərinə əməl etməklə, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalmağı, xüsusi ehtiyac olmadıqda evləri tərk etməkdən çəkinməyi tövsiyə edirlər.
Rayon ərazisində sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır, gündəlik dezinfeksiya işləri davam etdirilir və maarifləndirici tədbirlər daha da gücləndirilir.