Nəsib Məhməliyev rayonu qarış-qarış satır
Nəsib Məhməliyev rayonu qarış-qarış satır

İcra başçısı Nəsimi rayonunda az qala binaların girişindəki kiçik ərazilər də satışa çıxarsın

Nəsimi rayonunda həyata keçirilən torpaq alqı-satqısı bu şəkildə davam edərsə, orada gəzmək üçün bir qarış belə yer qalmayacaq. Bunu qəzetimizə rayon sakinləri bildiriblər. Onlar deyiblər ki, rayonun icra başçısı Nəsib Məhməliyev xeyli əvvəldən qurduğu plana əsasən torpaq alverinə girişib və bütün əraziləri satmağa başlayıb.
Apardığımız araşdırma zamanı belə məlum olub ki, həqiqətən də Nəsimi rayonu ərazisindəki yerlərin əksəriyyəti satılıb. Hətta iş o yerə çatıb ki, torpaqlar qarış-qarış satılır və bu da icra başçısı üçün böyük pullar deməkdir. Rayon sakinləri isə deyirlər ki, icra başçısının torpaq satmaq sevdası o həddə çatıb ki, az qala binaların qarşısında kiçik girişlər də satılsın.
Onu da bildirək ki, bu rayonun ərazisində torpaq çox bahadır və bu da icra başçısının işinə yarayır. Apardığımız müşahidələr nəticəsində belə məlum olub ki, hətta binaların qarşısındakı həyətlər də hissələrə bölünərək, ayrı-ayrı iş və ya imkanları adamlara satılmaqdadır. Sakinlər isə deyirlər ki, əvvəllər binalarının qarşısındakı balaca parklar və bağçalarda uşaqlarını oynada və ya gəzdirə bilirdilər. İndi hər yer satıldığından daha həmin imkanlardan məhrum olublar. Onlar deyirlər ki, icra başçısı Nəsib Məhməliyevin torpaq satmaq həvəsi yaxın gələcəkdə onları ümumiyyətlə, yersiz qoyacaq.
Məsələ ilə bağlı yuxarı dairələrə şikayət etməkdən yorulduqlarını da deyən sakinlər bildirirlər ki, artıq baş verənlərə dözə bilmirlər. Onlar gələcəkdə daha pis nəticələrin yaşana biləcəyini və yaşıllıqların pul xatirinə məhv edilməsinin qarşısını indidən almaq üçün hakimiyyət dairələri qarşısında ciddi tələb qoymaq fikrindədirlər.
Qeyd edək ki, Nəsib Məhməliyev təkcə torpaq deyil, həmçinin qızıl biznesi ilə də məşğuldur. Hələ bir müddət əvvəl Memar Əcəmi metrosunun yaxınlığında fəaliyyət göstərən və icra başçısının bacanağına məxsus "Sofulu" restoranının ətrafında özünə yaratdığı qızıl dükanlarında yoxlama aparılmışdı. Həmin vaxt xeyli miqdarda saxta qızıl aşkarlayan hüquq mühafizə orqanları satışı həyata keçirən satıcıları həbs etmişdilər. Satıcılar isə hüquq mühafizə orqanlarına verdikləri ifadələrində qızılların icra başçısı Nəsib Məhməliyevə məxsus olduğunu dedikdən sonra diqqətlər ona yönəlmişdi. Bizə çatan məlumatlara görə, həmin problem indi də qalır və icra başçısı bir yol tapıb onlarla anlaşa bilmir. Bəzi məlumatlara görə, hüquq mühafizə orqanları saxta qızıl məsələsində adı hallanan icra başçısını boş buraxmaq fikrində deyillər. Hətta o da iddia olunur ki, bununla bağlı hakimiyyət dairələrinə rəsmi qaydada müraciət göndəriləcək.
İnformasiya Şöbəsi