Aksiyaların yaradacağı gərginlik
Aksiyaların yaradacağı gərginlik

Cərimələrin tətbiqi gözlənilir

Bu gün müxalifətçi gənclər parlamentin buraxılması tələbi ilə bağlı kütləvi aksiyalara başlayacaqlar. Qeyd edək ki, aksiyalar icazəsiz olacaq. Düzdür bu aksiyaların ölkənin siyasi gündəmini dəyişəcək gücdə olmaması məlumdur. Amma maraqlı olanı "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna və İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən dəyişiklikdən sonar ilk dəfə belə bir aksiyanın keçirilməsi olacaq.

Ekspertlər bildirir ki, əslində müxalifət bu aksiyanı təşkil etməkdə də əsas məqsədləri qanunun tətbiqi zamanı yaranacaq ajiotajı beynəlxalq ictimaiətə təqdim etməkdir. Xatırladaq ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklə qanunvericilikdə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur. İndiyədək cərimənin məbləği 300 manatadək olub.
Toplantıların keçirilməsi iştirakçılar tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub. İndiyədək bu məbləğ 100-500 manat olub. Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanılıb.
Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza nəzərdə tutulur. Bu məbləğ indiyədək 500 manat olub. Qanunvericiliyə təklif edilən dəyişikliklərdə razılaşdırılmamış aksiyalara görə fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyəti fərqləndirilib.
Maraqlıdır, qanun bu aksiyanı təşkil edənlərə tətbiq olunacaqmı? Ekspertlər bildirir ki, qanun prezident tərəfindən təsdiqlənib və bu səbəbdən keçiriləcək aksiyanın təşkilatçılarına küllü miqdarda cərimələr tətbiq olunacaq. Qeyd edək ki, aksiyanı gənclər təşkilatları təşkil edir və onların bu cərimələri ödəmək gücündə olmadığı məlumdur. Belə olan halda sözsüz ki, kifayət qədər ciddi ajiotaj yaranacaq və beynəlxalq təşkilatlardan Azərbaycana qarşı sərt bəyanatlar veriləcək. Çünki qoyulan cərimələri vermək mümkün olmayacağı təqdirdə aksiya təşkilatçıları və iştirakçıları qanuna müvafiq olaraq saxlanılacaq. Bu isə yeni siyasi həbslərin baş verməsi deməkdir. Bunu da qeyd edək ki, yeni qanuna edilən dəyişikliklər beynəlxalq təşkilatlar tərəfindən normal qarşılanmamışdı və buna görə də qanunun tətbiqi ciddi gərginliklər yaradacaq. Bu arada Daxili İşlər Nazirliyi müxalifyönlü gənclərə aksiya ilə bağlı sərt xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerlərdə keçirilən istənilən aksiya və digər bu kimi tədbirlərin qarşısını alacaq və hər hansı tədbir keçirilməsinə imkan verilməyəcək.
Bildirilib ki, razılaşdırılmamış aksiyanın qarşısını almaq üçün polis əməkdaşları lazımı tədbirlər həyata keçirəcək.
Bunu da qeyd edək ki, qarşıdan prezident seçkiləri gəlir və müxalifət kütləvi aksiyaların sayını artırmaqda israrlıdır. Bu isə o demədir ki, gərginlik yaxın aylarda daha da artacaq. Buna görə AŞPA başda olmaqla bir sıra beynəlxalq təşkilatlar artıq Azərbaycana diqqəti daha da artırıb və məruzəçilər yaxın günlərdə yenidən Azərbaycana gələcəklər. Bunu da qeyd edək ki, öncələr bu təşkilatlarda Azərbaycana loyal yanaşma var idisə, bunun tam əksini görürük. Hətta Azərbaycana loyal yanaşan AŞPA deputatlarına belə artıq bir şübhə yaranır. Bunu da qeyd edək ki, "kürü diplomatiyası" qalmaqalı yaradılandan sonar belə bir vəziyyət ortaya çıxıb və hesab edilir ki, 2013-cü il seçkiləri ilə bağlı bu sıxıntılar daha da artırılacaq.

Toğrul Əliyev