“APA Holding” başladı...
“APA Holding” başladı...

“APA Holding” MMC-nin tarixi, Hodinqin tərkibinə daxil olan “Azəri-Press” İnformasiya Agentliyi MMC (APA), “Lent.az” İnformasiya agentliyi MMC, “Vesti.az” İnformasiya Agentliyi MMC, “APASport.az’ İnformasiya Agentliyi MMC, “Ekonomist” MMC, “APA SERVİS” MMC-lər barədə qısa metrajlı film nümayiş etdirilib.

“APA Holding” MMC-nin Direktorlar Şurasının sədri Nurşən Quliyev bildirib ki, bu gün ““APA Holding” MMC-nin təqdimatı ilə bərabər həm də APA-nın yarandığı gündür. 8 il əvvəl noyabrın 16-da APA yaradılıb. Onun sözlərinə görə, bu il oktyabrın 3-də “APA Holding” MMC Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib və həmin tarixdən fəaliyyətə başlayıb. “APA Holding” MMC-nin yaradılması ilə əlaqədar olaraq, Vüsalə Mahirqızı APA-nın baş direktoru vəzifəsindən azad olunub. Bu vəzifəyə indiyə qədər agentliyin baş direktorunun birinci müavini işləmiş Nurşən Quliyev təyin edilib. Lent.az” İnformasiya agentliyi MMC-nin baş direktoru Qabil Rüstəmov, “Vesti.az” İnformasiya Agentliyi MMC-nin baş direktoru Araz Zeynalov, “APASport.az’ İnformasiya Agentliyi MMC-nin baş direktoru İxtiyar Əsgərov, “Ekonomist’ MMC-nin baş direktoru Vüqar Mustafayev, “APA SERVİS” MMC-nin baş direktoru Eldəniz Vəliyevdir. Holdinqə daxil olan şirkətlərin baş direktorları Direktorlar Şurasının üzvləridir.
Direktorlar Şurasının oktyabrın 10-da keçirilmiş iclasında APA-nın baş direktoru Nurşən Quliyev Direktorlar Şurasının sədri seçilib. Direktorlar Şurasının 29 oktyabr tarixli iclasında Vüsalə Mahirqızı Holdinqin prezidenti vəzifəsinə təsdiqlənib. Holdinq informasiya, reklam, rabitə, internet və provayder xidmətləri göstərir.
Nurşən Quliyev bildirib ki, kollektivin böyüməsi ilə əlaqədar peşə davranış kodeksi qəbul edilməsinə qərar verilib. Bu, 9 bənddən ibarət kodeksdir.
Bundan başqa, ““APA Holding” kollektivinin noyabrın 2-də keçirilən ümumi iclasında holdinqin Həmkarlar İttifaqı Komitəsinin yaradılması ilə bağlı müzakirələr aparılıb, Həmkarlar İttifaqı Komitəsinin yaradılmasının zəruriliyi vurğulanıb. Müzakirələrdən sonra bununla bağlı qərar qəbul olunub. APA İnformasiya Agentliyinin redaktoru Məhbubə Qasımbəyli kollektivin qərarı ilə Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib. Daha sonra toplantıda Həmkarlar İttifaqı Komitəsinin Nəzarət-Təftiş Komissiyası formalaşdırılıb. Nəzarət-Təftiş Komissiyasına “APA Holding” MMC-yə daxil olan qurumların hərəsindən 1 nəfər daxil edilib. Kollektivin qərarına əsasən üzvlüklə bağlı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına müraciət olunub. “APA Holding”-in Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Azərbaycan Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinə üzv qəbul olunub.
Nurşən Quliyev holdinqin işçi vəsiqələrinin bu gün əməkdaşlara təqdim olunacağını nəzərə çatdırıb. Holdinqin 1 saylı vəsiqəsi prezident Vüsalə Mahirqızına təqdim olunub.
Vüsalə Mahirqızı deyib ki, APA artıq böyük bir şirkətə çevrilib olub: “Bundan sonra APA-ya Nurşən Quliyev rəhbərlik edəcək, suallarınızı ona ünvanlayın. Gələcəkdə də yeni layihələrimiz var. Bunların hamısının başında APA dayanır. Mənim üçün ən əzizi APA-dır, bundan sonra da elə olacaq. Biz daha çox dillərə tərcümə olunmaq, əlaqələri genişləndirməklə məşğul olacağıq”.
APA-nın tarixi barədə danışan Vüsalə Mahirqızı bu qurumun yaradılmasında Nurşən Quliyevin ilk gündən iştirak etdiyini diqqətə çatdırıb. O, hazırda saytlarımızın yenilənməsi ilə məşğul olduqlarını qeyd edib: “Onu da deyim ki, “Lent.az” böyüyəcək, oxucunun içərisində hər şey tapa biləcəyi böyük milli portal olacaq. Son dövrlər APA-ya haker hücumları da artıb. Haker hücumlarından müdafiə istiqamətində proqram təminatı, yeni serverlərlə bağlı addımlar atdıq”.
Vüsalə Mahirqızı holdinqdə həmkarlar təşkilatının yaradılması barədə də danışıb: “Biz peşə davranış kodeksinin olmasını da zəruri saydıq. Hazırda heç bir media orqanının spesifik davranış kodeksi yoxdur. Digər tərəfdən, həmkarlar təşkilatının yaradılması təşəbbüsünü də mən irəli sürdüm. Bu, jurnalistlərin əmək hüquqlarının qorunmasında ciddi rol oynayacaq. İstəyirik ki, gələcəkdə həmkarlar təşkilatımız aktiv fəaliyyət göstərsin”.
Daha sonra APA-nın yaranmasının 8 illiyi və “APA Holdinq”in təqdimatı münasibətilə tort kəsilib. Kollektiv üzvləri və tədbirdə iştirak edən jurnalistlər çay masasına dəvət olunub.