“Zaqatalada baş verən ilk zəlzələ zamanı dağılan bütün evlər dekabrın sonuna kimi tikilib təhvil veriləcək”
“Zaqatalada baş verən ilk
zəlzələ zamanı dağılan bütün evlər dekabrın sonuna kimi tikilib təhvil veriləcək”

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov zəlzələ bölgəsində görülən işlərlə bağlı açıqlama verib.
Nazir qeyd edib ki, hazırda zəlzələ bölgəsində işlər normal aparılır: “Bildiyiniz kimi zəlzələdən sonra Fövqəladə Hallar Nazirliyi bölgədə söküləcək və yenidən tikiləcək evlərin, məktəblərin və digər obyektlərin ilkin olaraq layihələndirmə işlərinə başladı və sonradan operativ şəkildə tikintilərə start verildi. Bu gün bizim iştirakımızla üç məktəbin açılışı oldu. Buna qədər doqquz məktəbin açılışı olmuşdu. Bu günlərdə daha on bir məktəbin açılışı olacaq. İlin sonuna qədər isə dörd böyük məktəb istisna olmaqla, bütün məktəblər tam təhvil veriləcək. Həmin dörd məktəbin gec təhvil verilməsi isə həmin məktəblərin daha böyük olması və onların layihələrinin bir az gecikməsi ilə əlaqədardır”.
K. Heydərov zəlzələ nəticəsində dağılan evlərin tikintisi barədə də danışıb: “Əhalinin evlərinə gəldikdə isə deyə bilərəm ki, bu gün biz tikinti işlərini həyata keçirən şirkətlərin nümayəndələri ilə müşavirə keçirdik. Onlar məlumat verdilər ki, mayın 7-də və 18-də Zaqatalada baş verən birinci zəlzələ zamanı dağılan evlərin artıq 60 faizi tikilib təhvil verilib. Bu gün təqdim olunan qrafikə görə hər həftə daha 10-12 faiz əlavə ev təhvil veriləcək. İş icraçılarının dediyinə görə, dekabrın sonuna kimi sadaladığım bütün evlər tikilib təhvil veriləcək”.
Nazir bir neçə gün əvvəl Balakəndə baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən sakinlər üçün də yeni evlərin tikiləcəyini bəyan edib: “Oktyabrın 13-ü və 14-də Balakəndə baş verən zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər isə yalnız əşyalarını yerləşdirmək üçün çadırlarla təmin olunacaqlar. Bu barədə əhaliyə də izahat verilib. Hazırda komissiyalar işləyir və artıq layihələr də hazırdır. Komissiyalar işlərini başa vurduqca tikinti işlərinə başlanacaq. Yeni tikintisinə başlanacaq həmin evlər də gələn ilin mart-aprel aylarında təhvil veriləcək”.
K. Heydərov həmçinin zəlzələ bölgəsində sakinlərin məskunlaşması üçün müvəqqəti evlərin gətirildiyini bildirib: “Biz demişdik ki, qışa qədər evləri təhvil verməyi planlaşdırırıq. Lakin gördüyünüz qış hələ gəlməsə də, gecələr soyuq keçir. Ona görə biz əvvəldən tədbirimizi gördük və bölgəyə 10 mənzilli müvəqqəti evlər gətirmişik. Artıq onlardan dördü-beşi hazırdır. Həmin evlər o yerlərdə quraşdırılır ki, orda tikilən evlər dekabrın 1-ci və 2-ci yarısında hazır olacaq və oradakı sakinlər həmin evlərdə yerləşdiriləcək. Müvəqqəti evlərin quraşdırılması Balakəndə sonuncu zəlzələdən zərərçəkən sakinlər üçün də nəzərdə tutulub. Əhali öz evlərinə köçürüldükdən sonra isə həmin müvəqqəti evlər sökülüb, yenidən FHN-in sərəncamına veriləcək”.