"Texnikabank"ın Müşahidə Şurasının sabiq sədri  azadlığa çıxdı
"Texnikabank"ın Müşahidə Şurasının sabiq sədri azadlığa çıxdı
Etibar Əliyev: “...İstirahətdən sonra iş yerimə qayıdacağam”

Sabiq sədrin “müsavat.com”ma verdiyi müsahibəsini oxuculara təqdim edirik.
- “Azad olmağımı yüksək dəyərləndirirəm. Dövlət orqanıdır, daxil olmuş informasiyanı yoxlamaq hüquqları var. Yoxladılar, araşdırdılar. Bilirsiniz ki, yoxlama 1 ay da, 5 ay da çəkə bilər. Heç kimdən narazı deyiləm. Bircə onu deyə bilərəm ki, günahsız olmuşam”. Bu sözləri müsahibəsinin əvvəlində Etibar Əliyev müxbirimizə söyləyib. Bundan sonra müxbir və bankir arasında aşağıdakı dialoq olub:
- “Texnikabank”la əlaqələriniz qalır?
- Təbii. Bankdan heç bir kənarlaşmam yoxdur. Bir qədər istirahətdən sonra iş yerimə qayıdacağam.
- Axı siz həbsdə olarkən həbsinizə kimi daşıdığınız vəzifəyə – bankın Müşahidə Şurasının sədri vəzifəsinə digər şəxs gətirilib…
- Muşahidə Şurasının sədri vəzifəsi ömürlük vəzifə deyil ki… Yəni bu vəzifə də ola bilər, başqa bir vəzifə də. Düşünürəm ki, mən işimi davam etdirəcəyəm.
- Hazırda bankda payçı kimi qalırsız?
- Payçı olmağın vəzifəyə dəxli yoxdur. Təbii ki payçı kimi qalıram, mənim payımla kimin nə işi var?
- Həbsinizdən sonra işçilərinizi də həbs etdilər. Həmin şəxsləri də azad edəcəklər?
- Zaman-zaman hər şey öz yerini tapır.
- Həbsinizdən sonra AXCP sədrinin qaynı, bankın şöbə müdiri olan Elnur Seyidovu da saxlamışdılar. Sizcə onu da azad edəcəklər?
- Əli Kərimlinin qaynını saxlayıblarsa da, düşünürəm ki, buna da dəyər, qiymət verəcəklər. Düşünmürəm ki, onun da orada hansısa bir ciddi günahı var. Yəqin ki, araşdırıb açıb buraxacaqlar.
- Həbsinizdən sonra belə məlumat yayıldı ki, əmlaklarınız da əlinizdən alınıb.
- Hamısı boş şayiələrdir. Mətbuat nümayəndələrindən xahişim odur ki, dəqiqləşdirilmədən heç nə yazmasınlar.
- Barənizdə 178-ci maddə ilə cinayət işinin başlanmasına əsas verən hansısa faktlar vardı yoxsa…
- İstintaqa ilkin olaraq hər şeylə başlaya bilərlər. Zaman-zaman araşdırılır, dəyərləndirilir. Barəmdə nə informasiya daxil olmuşdu bilmirəm. Amma araşdırdılar və hər şey öz yerini tapdı deyə azad olundum.
- Prezidentə müraciət etməyiniz haqda xəbərlər də vardı…
- Heç kimə müraciət etməmişdim, məncə, etməyimə də heç gərək yox idi. Cənab prezidentlə mənim nə işim var?
- Sağlıq durumunuzda problemlərin olduğu deyilir.
- Sağlığımda heç bir problemim yoxdur. Üzügülərliklə sizinlə danışıram.
- Sizə baş çəkənlər oldumu, baş çəkdiyiniz ünvanlar oldumu?
- Vallah, heç kimə əziyyət vermək istəmirəm. Yanımda anam, bacım, qardaşım var. İstəmirəm kimsə əziyyət çəksin. İşə başlayan kimi mətbuata geniş açıqlama verəcəyəm. Mətbuat nümayəndələri bir qədər səbirli olsun.
- İşçilərinizin azadlığa çıxması üçün fəaliyyət göstərəcəksiz? Onlara əlavə vəkillər tutacaqsızmı?
- Mənim onların azadlığını istəməyim, onların azadlığı üçün səy göstərməyim başqa şeydir. Günahları varsa, cəzalarını alacaqlar. Yoxdursa təbii ki, azad olunacaqlar. Heç kimin marağı yoxdur ki, günahsız adamı orada saxlasın. Hesab edirəm ki, hamını azad edəcəklər.
- Kimlərəsə sözünüz, mesajınız varmı?
- Bir qədər dincəlmək istəyirəm. İşə başlayan kimi fikirlərimi deyəcəyəm. Mətbuatdan xahişim budur ki, məni narahat etməsinlər. Uzun müddətdir ki, dincəlməmişəm. Mətbuat nümayəndələrinə təşəkkür edirəm ki, hər bir məsələni diqqətdə saxlayırlar. Bu bizim ölkəmiz, vətənimiz üçün çox önəmlidir.
Xatırladaq ki, E.Əliyev bu il martın 8-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs olunmuşdu. Martın 10-da ona Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham elan olunmuş və Səbayel Rayon Məhkəmənin qərarı ilə 3 aylıq həbs müddəti müəyyən edilmişdi. Sonradan bu müddət 2 dəfə də artırılmışdı.