Misir Mərdanov icra başçılarına oğru dedi
Misir Mərdanov icra başçılarına oğru dedi

"Bəzi məktəblər üçün alınan kompüterlər icra başçılarının, məktəb direktorlarının katibələrinin evindədir"

Azərbaycanda təhsilə ayrılan diqqət özünü statistik göstəricilərdə də təsdiq edir. Belə ki, hər il dövlət büdcəsindən təhsilin keyfiyyətinin yaxşılaşdırılması və ən son elmi texnologiyalarının tətbiqi məqsədilə milyonlarla manat ayrılır. Bu baxımdan Azərbaycan məktəblərinin kompüterləşdirilməsi məqsədilə də kifayət qədər böyük rəqəmlərlə ifadə olunan vəsait ayrılmışdır. Amma təəssüf hissiylə qeyd edək ki, ayrılan həmin vəsait heç də həmişə təyinatı üzrə istifadə olunmur. Bu baxımdan təhsil naziri Misir Mərdanovun məktəblər üçün ayrılmış kompüterlərin mənimsənilməsiylə bağlı verdiyi bəyanat diqqət çəkir. Bu haqda bir qədər sonra, hələliksə mövzuyla bağlı bir sıra informasiyaları diqqətinizə çatdırmaq istərdik.

Təhsil Nazirliyi sistemində İnformasiya texnologiyalarının məktəblərdə tətbiqi ilə bağlı xeyli addımlar atılıb. İstər şəhər, istərsə də şəhərətrafı məktəblər kompüterlər, printerlər, proyektorlar və s.informasiya texnologiya avadanlıqları ilə çox yüksək səviyyədə təmin olunub. Rəqəm hesabı ilə götürsək, bu təminat 1000-ə qədər təhsil ocağını əhatə edir. Lakin Azərbaycanda 4000 sayda məktəbin olduğunu nəzərə alsaq, bu rəqəm olduqca azdır. Mövzu ilə bağlı digər suallar da yaranır. Məsələn, niyə Azərbaycandakı bütün məktəblər informasiya texnologiyaları ilə təchiz olunmayıb? Bu avadanlıqlardan istifadə imkanları nə dərəcədə yüksəkdir?
Araşdırmalarımıza əsasən, Bakıda yerləşən Avropa litseyinə məxsus 20-yə yaxın proyektoru olduğu halda digər orta səviyyəli məktəblərdə bu imkanlar məhduddur. Bölgə məktəbləri isə informatika texnologiyalarından yararlanmaq şansından ümumiyyətlə məhrumdur. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı"nın təsdiq edilməsi haqqında ölkə başçısının sərəncamının reallaşmasının sonuna yaxınlaşsaq da, informatika avadanlıqları ilə hələ ki, bütün məktəblər təmin olunmayıb. Səbəb də bu layihəyə ayrılan maliyyə vəsaitin yetməzliyidir.
Bu sahədəki digər səbəb informatika sahəsini hazırlayan kadrların peşəkarlıq səviyyəsidir.
Eyni zamanda məktəblərdə informatika fənnini tədris edən müəllimlərin özlərinin təlimlərə böyük ehtiyacı var. Pedaqoqlara bu sahədə müəyyən təlimlər keçirilsə də, onların kompüter avadanlıqlarından istifadə səviyyəsi, eləcə də, təlimlərin keyfiyyəti qaneedici səviyyədə deyil. Odur ki, proses daha da yüksək şəkildə qurulmalı, təlimlərin keçilməsi davam etdirilməlidir. Bundan başqa, elektron dərsliklərlə də bağlı ciddi problemlər var. Belə ki, hətta avadanlıqların olduqda belə, müəllimlərin onlardan istifadəni bacarmaması, elektron dərsliklərin ya yoxluğu, ya standartlara cavab verməməsi, ya da yetərli olmaması müəyyən çətinliklər yaradır. Bu səbəbdən təhsil sisteminin informasiyalaşdırılması üzrə 2013-2018-ci illərə nəzərdə tutulmuş növbəti dövlət proqramında bu faktor nəzərə alınmalıdır.
Bir faktı da nəzərdən qaçırmaq olmaz ki, bu gün məktəblərdə informatika dərsləri sadəcə nəzəri olaraq keçilir. Məktəblərimizdə informatika kabineti var, ancaq bir çox hallarda şagirdlərin kompüterlərdən istifadə etməyinə icazə verilmir. Bunun səbəbləri isə çoxdur. Ya müəllimlər qorxur ki, şagirdlər kompüterləri xarab edər, ya da məktəb direktorları həmin kompüterləri satırlar. Sonuncu versiyanın həqiqət olduğunu isə ötən gün verdiyi açıqlama ilə təhsil naziri Misir Mərdanov da təsdiqləyib.
Belə ki, təhsil naziri Misir Mərdanov orta məktəblərdə dövlət vəsaiti hesabına alınan kompüterlərin təyinatı üzrə istifadə edilməməsini kəskin tənqid edib. İki gün öncə Təhsil Nazirliyində keçirilən kollegiya iclasında M.Mərdanov bildirib ki, bəzi rayonlarda dövlətin vəsaiti hesabına alınan kompüterlər icra başçılarının katibəsinin, yaxud da məktəb direktorlarının katibəsinin evindədir: "Bəzi məktəblərdə müəllim və şagirdlərin istifadəsi üçün nəzərdə tutulan kompüterlər inzibati işçilərə paylanılıb. Mən hesab edirəm ki, bu problem tezliklə həll olunmalı, ya da həmin adamlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Dövlətin puluna alınan vəsaiti belə israf etmək cinayətdir. Həmin adamlara 1 ay vaxt verilir. Əgər bu müddət ərzində aşkarlanan nöqsanları düzəltməsələr, həmin şəxslər haqqında cinayət işinin qaldırılması üçün müraciət edəcəyəm. Dövlət başçısı "elektron imza" haqqında fərman imzalayır, biz isə heç elektron sənəd dövriyyəsinə belə keçə bilmirik".
Maraqlıdır ki, təhsil naziri ilk dəfədir ki, məmurlara qarşı bu qədər açıq konteksdə savaş açır. Bu isə həm də onun göstəricisidir ki, artıq vəziyyətin dözülməz xarakter alması M.Mərdanovu belə bir sərt mövqe sərgiləməyə vadar edib. Amma hər halda bilmək maraqlı olardı ki, təhsil naziri konkret olaraq hansı icra başçılarını nəzərdə tutur. Hansı icra başçısının şagirdlər üçün ayrılan kompüterləri katibəsinə verməsi isə olduqca maraqlıdır və biz "Unikal" olaraq bu marağı nəzərə alaraq bu istiqamətdəki araşdırmalarımızı davam etdirəcəyik.
Orxan Həsənli