“Ödənişli ictimai iş yerlərinin açılması ilə bağlı əvvəlki illərin təcrübəsinə əsaslanaraq, biz ilin əvvəlində 37 min iş yerinin açılmasını nəzərdə tuturduq. Onu da bildirməliyəm ki, artıq bu proqram 3-4 ildir həyata keçirilir. Artıq bəzi insanlar, hansılar ki, ilkin mərhələdə bu işlərə cəlb edilmişdilər, sonra daha da yüksək maaş imkanına malik başqa iş yerlərinə keçdilər. Ona görə biz bu proqramı təqribən 30-40 min ətrafında nəzərdə tuturduq”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda deyib.

Dövlət başçısı qeyd edib ki, pandemiyaya görə və işsizliyin qaçılmaz artımını nəzərə alaraq ilkin mərhələdə bu rəqəmin 50 minə çatdırılması barədə göstəriş verib: “Amma indi hesab edirəm ki, biz daha böyük rəqəmə çatmalıyıq və bu il 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır”.