Hacıqabulun icra başçısının menyüsünə!
Hacıqabulun icra
başçısının menyüsünə!
Əhməd Muxtarovun müavini vətəndaşın şikayətinə necə kobud cavab verdi?

Azərbaycanda yerli icra hakimiyyəti orqanlarından gələn şikayətlərin ard-arası kəsilmir. Bu cür şikayətlərin əsas motivlərindən biri yerli rəhbərlərin vətəndaşların problemlərinə layqeyd, bir çox hallarda isə tamamən qərəzli, kobud münasibəti ilə əlaqədardır.
Qəribədir ki, əksər vaxtlarda yerli icra strukturları adətən hər hansı seçki ili ərəfəsində öz davranışlarında (əlbəttə, vətəndaşların problemlərinə münasibətlə bağlı!) müəyyən korrektələr edir, müəyyən qədər də olsa vətəndaşlarla "şirin" olmağa çalışırlar. Ancaq indi rayonlardan ard-arda gələn şikayətlər hazırda buna da rastlanmadığını söyləməyə əsas verir.
Belə şikayətlərdən biri Hacıqabul rayonundandır. Rayon sakini Məmmədov Dadaş Pirməmməd oğlu yerli məmurlar və cavabdeh təşkilat rəhbərlərinin özbaşınalıqlarından narazıdır. Onun ölkə rəhbərliyinə müraciətində bildirilir ki, yaşadığı rayonda baş verən təbii fəlakətin vurduğu zərərin ödənilməsi barədə dəfələrlə müraciətindən sonra, ondan 11.08.2010-cu ildə təxminən səhər saat 10 radələrində poçta gəlməyini xahiş ediblər: "Mən şəxsiyyət vəsiqəmi götürüb oraya getdim və mənə 1600 manat pul qol çəkdirib verdilər. Sonradan 1600 manat pulun arxasınca şəxsiyyətləri bizə məlum olmayan bir neçə nəfər yaşadığım evə gələrək, pulu geri tələb ediblər. Onlar bildiriblər ki, həmin pula taxta və rəng alaraq guya uçmuş evimizi təmir edəcəklər. Mənim 10 nəfər ailə üzvlərim indiyə kimi göz yaşları içərisində yaşayırlar. 2012-ci ildə mənə köməklik məqsədi ilə əlavə 1000 manat da pul verildi. Siz deyin, bu 2600 manata hansı evi təmir etdirmək olar?"
Şikayətçinin sözlərinə görə, yerli icra hakimiyyəti başçısının birinci müavini Sahib Aslanov bir neçə dəfə evinə gəlib Həyətyanı sahəsində sel suları nəticəsində 15 baş kiçik buynuzlu heyvanın, 50 ədəd hinduşka və başqa ev quşlarının, çoxsayda bar verən ağacların, 2 tona yaxın dənli bitkilərin, "pol"un çökməsi nəticəsində evində olan şüşə qabların hamısının məhv olduğunu öz gözləri ilə görən Sahib Aslanov şikayətçiyə köməklik etmək əvəzinə, "get, hara müraciət edəcəksən, et", - deyir.
İndi şikayətçi ölkə rəhbərliyindən xahiş edir ki, 10 nəfərlik ailənin ağır sosial durumunu nəzərə alıb, ona köməklik etsinlər.
Xatırladaq ki, Hacıqabul rayon İcra Hkimiyyətinə Əhməd Muxtarov rəhbərlik edir. Onun, öz müavininin vətəndaşın şikayətinə laqeyd və kobud münasibəti isə maraq doğurmaya bilməz.
Ülviyyə Qasımlı